RU

Yığma məngənədə: ya möcüzə, ya da faciə! - YENİLƏNİR

Təəssüf ki, yığma Millətlər Liqasının 5-ci turunda Estoniyanın öhdəsindən gələ bilmədi. Hər halda, hələ qarşıda İsveçlə görüş var.

Bu gün keçiriləcək oyun “CBC Sport”un efirində canlı yayınlanacaq.

Millətlər Liqası
qrup mərhələsi, 6-cı tur
İsveç – Azərbaycan

Hakimlər: PAVEL RAÇKOVSKİ, Radoslav Sieyka, Adam Kupsik, Voytsex Muts.
19 noyabr. Solna. “Strouberri Arena”. Saat 23.45.

Yığmamız turnirin yeni mövsümündə mübarizəyə başlayanda, daha doğrusu, evdə İsveçdən ilk məğlubiyyətini alanda gələcəyə ümidlə baxa bilirdik. Həmin oyunun təəssüratına əsasən baş məşqçi Fernando Santuşun problemləri aradan qaldıracağını və azı C liqasında qala bilmək üçün yetərli xal ehtiyatı toplayacağımızı düşünürdük.

Sən demə, bütün bunlar xam xəyaldan başqa bir şey deyilmiş. Hadisələr istəmədiyimiz yöndə cərəyan etdi və yığmamız uçurumun kənarına gəldi. Bəli, D liqasına yuvarlanmaqdan bəhs edirik. Böyük ehtimalla, komanda C liqasındakı son gününü yaşayır. Sonrası bəllidi. Bu üzdən Solnadakı matç ətrafında hansısa prinsipiallıqdan danışmağa dəyməz. Hər halda, İsveç qrup birincisi olmağı təmin edibsə, yığmamız sonuncu pilləni “sığortalayıb”.

Bəs qələbəyə ümid varmı? Əslində bu matç xüsusilə İsveç üçün formal xarakter daşıyır. Çünki skandinaviyalılar noyabrın 16-da 36417 tamaşaçı qarşısında Slovakiyanı 2:1 hesabıyla məğlub edib. Məhz bu məqamdan dayaq kimi yararlanıb qələbə uğrunda mübarizə aparmaq mümkündü. Lakin rəqibin baş məşqçisi Yon Dal Tomasson meydana məhz qalib gəlmək üçün çıxacaqlarını deyir. Düzü, yığmamızın heyətindəki problemlər də üç xalla bağlı ümidlərə ciddi zərbə vurur. Onu bildirək ki, Elvin Cəfərquliyev, Rahil Məmmədov və yarımmüdafiəçi Mustafa Əhmədzadə heyətdən çıxarılıb. Elvin cəzalı durumda, Rahil isə zədəlidi. Mustafa Əhmədzadəyə gəlincə, o, Şengen vizası ala bilmədiyi üçün millidən kənarda qalıb. Bəhlul Mustafazadənin zədəsinin Estoniya ilə matçda yeniləndiyini bilirik. Üstəlik Rahil Məmmədov da Qəbələdəki oyunda sıradan çıxdı.

Görünür, bu dəfə şənbə günü baş tutan görüşdə şans qazanmayanlar - Amin Seydiyev, Anton Krivostyuk, Zamiq Əliyev, Səbuhi Abdullazadə və Ceyhun Nuriyev kimi futbolçular xeyli tər tökməli olacaq. Xəyal Nəcəfovun da start heyətində yer alacağı istisna deyil. O başqa məsələ ki, İsveç də Slovakiyayla matçda itkilərlə üzləşib. Söhbət “Mançester Yunayted”in müdafiəçisi Viktor Lindelöflə “Atalanta”nın müdafiəçisi İsak Hindən gedir. Bu itkilər millimiz üçün nə dərəcədə faydalı ola bilər? Axı yığmamız yetərincə azarkeş dəstəyi də almayacaq. Komandanı təxminən 200 tərəfdar dəstəkləyəcək. Beləliklə, millimiz üçün möcüzə diləməkdən başqa çarə yoxdu!

Yeri gəlmişkən, turun digər matçında Slovakiya Estoniyanı qəbul edəcək.

KƏNAN BAHADIR

Избранный
15
football-plus.az

1Источники