RU

Bayden düyməyə basdı- Ukrayna Moskva yaxınlığında 4 neft emalı zavodunu vura bilər...

Image

İddialara görə, ABŞ Ukraynaya Vaşinqtonun tədarük etdiyi uzaqmənzilli raketlərlə Rusiya ərazisini vurmağa icazə verib. Ukrayna uzun müddətdir uzaqmənzilli taktiki raket sistemləri (ATACMS) ilə Kiyevin sərhədləri xaricində hədəfləri vurmasına icazə verilməsini istəyirdi. 

İddialara görə, bu qərarla Bayden administrasiyası Ukraynanın gələcəkdə mümkün danışıqlarda sövdələşmə vasitəsi kimi hazırda əlində saxladığı kiçik Rusiya torpağından istifadə etmək imkanını dəstəkləməyi qarşısına məqsəd qoyub. “New York Times” və “Washington Post” qəzetləri isə adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən, bu qərarın Şimali Koreya əsgərlərinin Rusiya tərəfindən Ukraynada döyüşməsinə cavab olaraq verildiyini bildirir. Ancaq məsələ ilə bağlı Ağ Evdən və Pentaqondan heç bir açıqlama verilməyib.

ABŞ Milli Təhlükəsizlik müşavirinin müavini Con Finer bununla bağlı açıqlama verməyəcəyini deyib: “Mən ABŞ-ın bu cür əməliyyatlarla bağlı aldığı və ya almadığı qərarları təsdiq etmirəm”. ABŞ-ın qərarlarını meydandakı vəziyyətə görə, dəyişdiyini bildirən Finer, bu cür əməliyyatların həssas siyasi dəyərləndirmələr tələb etdiyini deyib.

Ukrayna prezidenti Zelenski isə belə şeylərin ictimaiyyətə açıqlanmadığını deyib: "Bu gün mətbuatda müvafiq tədbirlər üçün icazə aldığımıza dair çoxlu məlumatlar var. Ancaq hücumlar sözlə edilmir, belə şeylər açıqlanmır, raketlər öz sözünü deyəcək".

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-ın Ukraynaya uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə hücum etməyə icazə verməsi “təhlükəli və məsuliyyətsiz addım”dır. Peskovun sözlərinə görə, qərar Vaşinqtonun münaqişədə iştirak səviyyəsini artırır. Peskov onu da əlavə edib ki, Moskva bu qərara cavab verəcək.

Kreml sözçüsü xatırladıb ki, Rusiyanın bu məsələ ilə bağlı mövqeyi daha əvvəl Putin tərəfindən açıqlanıb. O bildirib ki, Qərb bu münasibəti “yaxşı bilir və anlayır”. Onların belə məsuliyyətsiz və potensial təhlükəli addım atıb-atmayacağını görəcəyik”, - Peskov əlavə edib.

Baydenin qərarı ABŞ-da da birmənalı qarşılanmayıb. ABŞ-ın yeni seçilmiş prezidenti Trampın yaxın ətrafı və bəzi respublikaçı Konqresi üzvləri də Bayden administrasiyasının Rusiya ərazisində Ukraynaya uzaqmənzilli Amerika silahlarından məhdud istifadəyə icazə verməsi xəbərinə sərt reaksiya verib.

Yuta ştatından olan respublikaçı senator Mayk Li X hesabında paylaşımda “Liberallar müharibəni sevirlər” yazıb. Trampın yaxın olan milyarder İlon Mask da Linin açıqlamalarından sitat gətirib və “Doğrudur” deyib. Mask xəbərdarlıq edi ki, Ukraynaya Rusiyaya qarşı uzaqmənzilli Qərb silahlarından istifadə etməsinə icazə verilməsi Qərb üçün risqlər yarada bilər: “Problem ondadır ki, Rusiya da eyni şəkildə cavab verəcək”. 

Li daha sonra yazıb: "Rusiya bizə bənzər bir şey etsəydi, biz nə edərdik? Bu müharibə aktı kimi qəbul edilməzdi?".

Donald Trampa yaxınlığı və ifrat sağçı baxışları ilə tanınan Respublikaçı konqresmen Marjorie Taylor Grin isə Baydeni prezidentlikdə gedər ayaq Üçüncü Dünya Müharibəsini başlamağa çalışmaqda ittiham edib.

Grin bildirib ki, Amerika xalqı noyabrın 5-də keçirilən prezident seçkilərində "bu cür son dəqiqə qərarlarına qarşı" öz fikrini bildirib. ABŞ xalqının "xarici müharibələri maliyyələşdirmək istəmədiyini" ifadə edən Grine "Bəsdir, buna son qoyulmalıdır" deyib.

Baydenin qərarını dəstəkləyənlərdən biri, Nümayəndələr Palatasının Demokrat üzvü Cek Okinkloss isə deyib ki, hədəfə alınmasına icazə verilməli olan yerlərin Rusiyanın paytaxtı Moskva yaxınlığında 4 neft emalı zavodu kimi enerji qaynaqlarını əhatə etməlidir.

TAHİR





Избранный
43
50
baki-xeber.com

10Источники