RU

Co Baydenin Riskli Addımı: Müharibənin Yeni Fazası

“ABŞ prezidenti Co Bayden Ukraynaya Vaşinqtonun təqdim etdiyi uzaqmənzilli raketlərlə Rusiya ərazisini vurmasına icazə verməsi müharibənin gərginliyini daha da artıran və həm də beynəlxalq münasibətlərdə ciddi təsirə sahib olan bir qərardır”
 
 
Bunu Moderator.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
 
Onun sözlərinə görə, Baydenin bu addımı, həm ABŞ-ın Ukraynanı dəstəkləmək üçün verdiyi silah və hərbi yardımların növbəti mərhələsi, həm də Rusiya ilə daha da kəskinləşən bir qarşıdurmaya yol açma potensialı daşıyır:
 
“Rusiya isə ABŞ-ın qərarına cavab verəcəyini açıqlayıb. Hələlik, Ağ Ev və ya Pentaqon bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib, lakin Ukrayna prezidenti Vladimir Zelenski “raketlər danışacaq” mesajı ilə bu prosesi təsdiqləyib. Zelenskinin "raketlər danışacaq" mesajı isə, Ukraynanın həm hərbi, həm də siyasi müstəvidə daha çox təsir göstərmək istədiyini və öz məqsədlərinə çatmaq üçün güclü hərbi vasitələrdən istifadə edəcəyini göstərir. Bu, eyni zamanda, müharibənin yalnız hərbi deyil, həm də siyasi mübarizə olduğunu vurğulayan bir ifadədir. G20 sammitində iştirak edən ABŞ prezidenti Co Bayden "ABŞ Ukraynanın ərazi bütövlüyü və suverenliyini güclü şəkildə dəstəkləyir" bəyanatını verib. Kiyev uzun müddətdir ki, ATACMS kimi tanınan raketlərə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və ölkənin sərhədyanı hədəfləri vura bilməsini istəyir. Rusiya rəsmisi Peskov bu icazəylə “Vaşinqtonun odun üstünə benzin tökdüyünü” iddia edib. Rusiya lideri Vladimir Putin daha əvvəl Qərb ölkələrini belə bir addımla bağlı xəbərdar etmişdi və bunun NATO-nun Ukrayna müharibəsində “birbaşa iştirakı” demək olacağını bildirmişdi. Trampın oğlu, kiçik Donald Tramp ölkənin trilyon dollarlıq hərbi sənayesinə işarə edərək, “Görünür, onlar atama sülh bağlamaq və insanların həyatını xilas etmək şansı qoymadan III Dünya Müharibəsini başlamaq istəyirlər” - deyib”.
 
Politoloq qeyd edir ki,  Trampın və bəzi Respublikaçı siyasətçilərin Baydenin bu qərarını tənqid etməsi isə, ABŞ daxilindəki siyasi mübarizələri və müharibəyə qarşı olan narazılığı göstərir:
 
 “Trampın şərhindəki "III Dünya Müharibəsi" ilə bağlı narahatlıq, ABŞ-ın münaqişəyə daha dərindən cəlb olunmasının mənfi nəticələrinə dair ciddi qorxuları əks etdirir. Eyni zamanda, Trampın Ukrayna məsələsindəki tutumu da fərqlidir: o, Rusiya ilə münasibətlərin yaxşı olması fikrini müdafiə edərkən, Baydenin siyasətini, xüsusən də xarici münaqişələrə müdaxiləni tənqid edir.
Ümumiyyətlə, Baydenin bu qərarı, ABŞ-ın Ukraynanı dəstəkləmək mövqeyini daha da gücləndirir, lakin bunun nəticələri müharibənin gedişatını və beynəlxalq münasibətləri ciddi şəkildə təsir edə bilər.Görünən odur ki, Rusiya və Qərb arasındakı qarşıdurma daha da kəskinləşəcək və müharibə yeni mərhələyə qədəm qoyacaq.  Artıq münaqişə olduqca gərgin fazaya keçid edib. Baydenin atdığı addımları isə son günlərində “tarixə düşmək” cəhdi kimi qiymətləndirə bilərik”.
 
Mehin Mehmanqızı
 
Избранный
67
45
moderator.az

10Источники