COP29 çərçivəsində “SABAH.HUB” və ABB-nin birgə təşkilatçılığı ilə “Emerging Green Innovation Challenge” mövzusunda beynəlxalq startap müsabiqəsi keçirilib.
Tədbir iqlim texnologiyaları və yaşıl innovasiyalar sahəsində qlobal problemlərə innovativ həllər təqdim etmək və bu sahədə ən yaxşı təşəbbüsləri dəstəkləmək məqsədilə təşkil olunub.
Müsabiqəyə dünyanın 300-dən çox startap layihəsi müraciət edib, seçilən ən yaxşı komandalar isə COP29 çərçivəsində keçirilən tədbirdə iştirak etmək hüququ qazanıb. Final mərhələsində 15-dən çox ölkəni təmsil edən 26 startap layihəsi təqdim edilib.
Tədbir ABB-nin İdarə Heyətinin üzvü və Baş Transformasiya İnzibatçısı Taleh Tahirli, eləcə də “SABAH.HUB”ın icraçı direktoru Rəhim Bayramlının ruhlandırıcı çıxışları ilə başlayıb. Onlar çıxışlarında beynəlxalq əməkdaşlığın qlobal problemlərin həllində oynadığı vacib rolu vurğulayıb, eyni zamanda texnologiya və innovasiyaların inkişafda yaratdığı inqilabi təsirləri və dayanıqlı gələcək qurmaq üçün qarşıda duran prioritetləri diqqətə çatdırıb.
Açılış nitqlərindən sonra iştirakçı startaplar öz layihələrini təqdim edərək iqlim texnologiyaları və yaşıl innovasiyalar sahəsində unikal həllərini nümayiş etdiriblər. Təqdimatlar iştirakçılar arasında böyük maraq doğurub və mövzu ətrafında geniş müzakirələrə səbəb olub.