RU

Dövlət hesabına ali təhsil alanlara büdcə vəsaiti 570 milyon manata çatdırıldı...

Image

Rizvan Fikrətoğlu: “Pulsuz plan yerinin artırılması abituriyentlərin ali məktəbə hazırlaşması üçün stimul olacaq”

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərcləri üçün 570 milyon manat ayrılması nəzərdə tutulur. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib. Bu, 2024-cü illə müqayisədə 21,8 % çoxdur.

"Həmin vəsaitin 41 milyon manatı güzəştli kateqoriyadan olan vətəndaşlarımız üçün nəzərdə tutulub. Bundan başqa, aztəminatlı təbəqənin təhsil davamlılığını təmin etmək üçün Təhsil Tələbə Kredit Fondunun nizamnamə kapitalı 126 milyon manata çatdırılacaq", - deyə nazir qeyd edib.

Maraqlıdır, ali təhsil xərclərinin artırılması təhsilli insanların sayını artıracaqmı?

“Dövlət maksimum dərəcədə hər kəsin təhsil almasına cəhd edir, bunun üçün də plan yerinin sayını artırır, həm də pulsuz yerlərin sayını artırır”

Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 2024-2025-ci tədris ilində ali məktəbə qəbul olmaq üçün 60 min plan yeri ayrılıb. Bu plan yerlərinin 90 faizdən çoxu dolub. Həmin yerlərin 50 faizdən çoxu ödənişsiz nəzərdə tutulmuşdu: “Bundan əlavə, ixtisaslar üzrə seçim edib, ödənişli ixtisasa qəbul olan abituriyentlər var ki, onların həmin istiqamətlər üzrə ödənişsiz plan yerləri dolmayıb və onlar da ödənişsiz oxuyub. Ötən illə müqayisədə həm də ümumi plan yerinin sayı çoxalıb. Məlumat üçün deyim ki, 2026-cı ilə qədər 60 min plan yerinin 75 minə çatdırılması nəzərdə tutulur. Belə olduğu təqdirdə pulsuz plan yerlərinin daha çox olması üçün bu addım atılıb. Dövlət maksimum dərəcədə hər kəsin təhsil almasına cəhd edir, bunun üçün də plan yerinin sayını artırır, həm də pulsuz yerlərin sayını artırır. 1 və digər qruplarda elə ixtisaslar var ki, 200 balla ödənişsiz qəbul olmaq mümkündür. Dövlət çalışır ki, vətəndaşlar ödənişsiz təhsil alsın”. 

Həmsöhbətimizin sözlərinə görə, pulsuz plan yerinin artırılması abituriyentlərin ali məktəbə hazırlaşması üçün stimul olacaq. Bu il ölkəmizdə Qarabağ, Türkiyə və Azərbaycan universitetləri yaradıldı ki, həmin universitetlərdə təhsil ödənişsizdir. 

Günel CƏLİLOVA





Избранный
11
baki-xeber.com

1Источники