RU

"Azərbaycan təbiəti əsrarəngizdir və qorunmağa layiqdir" – Zenfira Mustafayeva

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva  QHT.az -a özəl açıqlamasında COP 29 konfransı ərəfəsində prezident İlham Əliyevin ekosistemin məhv edilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə imzaladığı qanunun əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu dəyişikliklər ekologiyaya külli miqdarda ziyan vuran şəxslərin 10 ildən 15 ilə qədər cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutur.

Zenfira Mustafayeva bildirib:

“Bu çox yaxşı göstəricidir və ekologiyaya ziyan vuranların belə məsuliyyətə cəlb edilməsi çox vacibdir. Bu, digər şəxslərin də təbiətə ziyan vurmaqdan çəkinməsinə səbəb olacaq. Heyvanların hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə bəzi maddələr mövcuddur. Lakin əvvəlki cərimələr kifayət qədər aşağı idi və təbiətə külli miqdarda ziyan vuran şəxslər yalnız cərimə ödəməklə məsuliyyətdən yayına bilirdilər. Yeni qanun bu kimi halların qarşısını almaqda daha effektiv olacaq.”

O, Azərbaycanın zəngin təbiətini xüsusi vurğulayaraq bildirib:

“Azərbaycan təbiəti çox əsrarəngizdir. Cənub bölgəsində dünyanın heç bir yerində rast gəlinməyən dəmir ağac, müəyyən palıd və çinar növləri mövcuddur. Eyni zamanda, yalnız Azərbaycan təbiətinə məxsus olan heyvan növləri ilə də fəxr edə bilərik. Bu müxtəliflik həm ekoloji, həm də milli sərvətimizdir.”

Zenfira Mustafayeva həmçinin qeyd edib ki, COP 29-un əsas məqsədi ekosistemin bərpasını təmin etmək və atmosferin ziyanlı təsirlərdən qorunmasını gücləndirməkdir. O əlavə edib:

“Yer kürəsində canlılar zəncirvari bir əlaqədədirlər. Bu zəncirin bir hissəsi qırılanda, digər hissələr də təhlükə ilə üzləşir. Ona görə də təbiətə ziyan vurmaq minimuma endirilməli və təbiət mütləq qorunmalıdır.”

Qanunun qəbul edilməsi ilə Azərbaycanın təbiətinin qorunması istiqamətində daha əhəmiyyətli addımların atılacağını ifadə edən QHT sədri bu tədbirlərin gələcək nəsillərə təmiz və sağlam təbiət mirası qoymaq baxımından vacibliyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
34
qht.az

1Источники