RU

Bakıda panel müzakirələr keçirildi - FOTOLAR

Bakıda COP29 çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirdiyi sonuncu panel müzakirə “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusuna həsr olunub.

"Unikal" xəbər verir ki, tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov beynəlxalq iqlim konfransı çərçivəsində keçirilən panel müzakirələrin kənd təsərrüfatının gələcəyinə xidmət etdiyini, kollektiv fəaliyyətin qlobal qida sistemlərinin iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və davamlı inkişaf çağırışlarına cavab verməsi prosesinə töhfə verəcəyini qeyd edib.

Nazir kənd təsərrüfatının gələcəyinin innovasiya, texnologiya və inklüzivlikdən asılı olduğunu vurğulayıb. O bildirib ki, bu məqsədlə Azərbaycan hökuməti fermerlərə məhsuldarlığı optimallaşdıran, resurslara qənaət edən və iqlimə davamlılığı artıran süni intellekt və rəqəmsal alətlər də daxil olmaqla qabaqcıl texnologiyaların mənimsənilməsinə kömək edən təşəbbüslərə üstünlük verir. Bu yanaşma təkcə məhsuldarlığı artırmaq üçün deyil, həm də davamlı kənd təsərrüfatı təcrübələrinin təməlini yaratmaq üçün vacibdir.

Nazir tədbir iştirakçılarını fermerlərin, qadınların və gənclərin səlahiyyətlərini gücləndirməyə, həll yollarını paylaşmağa və qlobal ərzaq təhlükəsizliyinə töhfə verməyi hədəfləyən Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünü dəstəkləməyə çağırıb: “Biz inanırıq ki, bu təşəbbüs altında birləşməklə, davamlılığı gücləndirən və hətta iqlim qeyri-müəyyənliyi qarşısında fermerlərə inkişaf etməyə imkan verən güclü şəbəkə yarada bilərik”.

Panel müzakirələrdə çıxış edən yerli və xarici mütəxəssislər qeyd ediblər ki, məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşma tələb olunur. Onların fikrincə, innovasiyaların inteqrasiya edilməsi, insan potensialının və inklüzivliyin inkişaf etdirilməsi gələcəkdə kənd təsərrüfatının uğurunu müəyyən edəcək. Natiqlər vurğulayıblar ki, müasir dövrdə qlobal iqlim dəyişikliyi fonunda kənd təsərrüfatının inklüziv və dayanıqlı inkişafının təmin olunması əsas hədəflərdən birinə çevrilib. Bildirilib ki, aqrar sahədə istehsalın artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi qlobal səviyyədə mütəmadi əməkdaşlığı zəruri edir.

Избранный
18
unikal.az

1Источники