RU

Azərbaycan regionda bütün layihələri reallaşdırır

“Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın siyasi həyatının bütün mərhələlərində aparıcı siyasi qüvvə kimi tarixi missiya daşıyıb. 32 il öncə – 1992-ci il 21 noyabr tarixində müxalifət partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Tarixi zərurətdən yaranan partiyamızın təsis olunması, inkişafı və güclənməsi Ulu Öndər Heydər Əliyevin ideyaları, Onun zəngin dövlətçilik təcrübəsi əsasında baş verib. Ötən dövr ərzində müxalifət partiyasından iqtidar partiyasına və eyni zamanda, Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilən YAP bu gün də öz hədəfləri, məqsədləri uğrunda yorulmadan çalışır”.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Millət vəkili qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti nəticəsində Azərbaycan böyük uğurlar qazanıb: “Prezident İlham Əliyev YAP-ın 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni sədri seçildi. Bununla da partiyanın yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu. İqtisadi inkişaf, sosial təminatın güclənməsi, beynəlxalq nüfuzunun artması bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Xalqın milli birliyi əsas hədəfimiz olan Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasında mühüm rol oynadı. Yeni Azərbaycan Partiyasının Sədri kimi cənab İlham Əliyevin fəaliyyəti zamanı, yəni son 19 ildən artıq bir dövrdə Azərbaycanda 4 mühüm nəticəyə nail olunub.

Birincisi, Azərbaycanda dayanıqlı əsaslara söykənən birlik əldə olunub. Bu, müxtəlif millətlərin, dinlərin, siyasi təsisatların birliyidir. Yəni, ölkəmizdə bu gün hər bir xalqın nümayəndəsi kifayət qədər rahat yaşayır, öz dilində danışa bilir, öz dininə sitayiş edir və yaxud hər hansı bir siyasi partiyanın nümayəndəsi öz fikirlərini azad şəkildə ifadə edə bilir. Azərbaycanda belə bir birliyin əldə olunması çox ciddi bir uğurdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da sözsüz ki, bu birliyin, həmrəyliyin bir nümunəsidir. Bu, həm də Yeni Azərbaycan Partiyasının nüfuzunun artmasının, xalqın maraqlarına xidmət etməsinin, iqtidara qarşı olan müsbət ictimai fikrin və ən ümdəsi, partiyanın Sədri cənab İlham Əliyevə və Sədrin birinci müavini Mehriban xanım Əliyevaya olan ümumxalq məhəbbətinin daha da artmasının göstəricisidir.

İkincisi, iqtisadi inkişafdır. Bu gün Cənubi Qafqazın iqtisadiyyatının 75 faizi bizə aiddir. Regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə reallaşa bilməz.

Üçüncüsü, ölkəmizin beynəlxalq nüfuzunun ildən-ilə artmasıdır. Dünyada Azərbaycan kifayət qədər nüfuzlu, öz milli dəyərləri olan müstəqil bir ölkə kimi qəbul olunur. Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) göstərilən beynəlxalq diqqət, Bakıya yüksək səviyyədə edilən səfərlər, səsləndirilən bəyanatlar düzgün yolda olduğumuzu, hədəfimizin dəqiq və aydınlığını göstərir.

Dördüncüsü isə, Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər və postmüharibə dövründə fəaliyyətimizi möhtəşəm Qələbəyə layiq şəkildə qurmağımızdır. İşğal olunmuş torpaqlarımızın Müzzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin tapdağından azad olunması xalqın böyük sevincinə səbəb oldu. Dövlət başçımız tarixi Zəfərdən sonra sülh təklifləri ilə çıxış etdi, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri həyata keçirilməkdədir. 4 istiqamətdə əldə etdiyimiz mühüm nəticələr həm də Yeni Azərbaycan Partiyasının böyük uğurudur”.

T.Mirkişili onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyası bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək: “Biz dünyada baş verən ən son yenilikləri, siyasi trendləri yaxından izləyirik. Bu gün YAP müasir siyasi texnologiyaların imkanlarından yararlanaraq yeni gündəm yaradan, yeni ideyalar və dəyərlər yaya bilən bir partiyaya çevrilmişik. Biz, həmçinin siyasi səhnədə gənc və orta nəsildən olan şəxslərin iştirakını təşviq edirik, təcrübəli üzvlərimizin bilik və bacarıqlarını onlarla bölüşürük. Gənc üzvlərin siyasi cəhətdən daha da püxtələşməsi, onlara yüksək siyasi davranış mədəniyyətini öyrətmək bizim mütərəqqi vəzifəmizdir. İnanıram ki, biz hakim partiya olaraq Sədrimiz tərəfindən müəyyən edilən hədəflərə çatacağıq və Ulu Öndər Heydər Əliyevin arzuladığı “Gələcəyin partiyası olmaq” üçün əlimizdən gələni edəcəyik”.

Избранный
15
xalq.az

1Источники