RU

Rusiyanın səhm bazarı 2 milyard dollar çöküb

Kreml və Qərb arasında kəskin eskalasiya və Ukraynanın ABŞ-nin uzaqmənzilli raketləri ilə Rusiya ərazisinə ilk zərbələri Moskva Birjasında səhmlərin, dövlət istiqrazlarının və rubl məzənnəsinin sərt şəkildə düşməsinə səbəb olub.

Bu barədə “The Moscow Times” yazıb.

Çərşənbə axşamı keçirilmiş hərrac sessiyasının nəticələrinə əsasən, Rusiyanın ən iri 50 şirkətinin səhmlərini əhatə edən Moskva Birjası indeksi 3,32 % enərək 2630,5 bəndə düşüb. Bu çöküş son iki ilin ən böyüyü olub ki, bu indeks kapitalizasiyasının 179 milyard rubl azalması deməkdir.

Səhmlərin dollar dəyərini izləyən RTS indeksi isə kapitalizasiyada təxminən 2 milyard dollar və ya 3,43 % itirib. Hərracın bağlanışında 828,38 bənd səviyyəsində olan indeks, müharibənin ilk günündən (24 fevral 2022-ci il) bəri ən aşağı səviyyəyə çatıb.

Birjada qiyməti artan səhmlər, demək olar ki, olmayıb. Saat 20:14-ə (Bakı vaxtı ilə 21:14) olan vəziyyətə görə, “Sberbank” səhmləri 3,3 %, “Qazprom” – 3 %, “Rosneft” – 2,9 % ucuzlaşıb. “Severstal”ın qiymətli kağızları 3,7 %, “Mechel” – 4,1 %, “Rosset” isə 5,2 % düşüb.

Mərkəzi Bankın rəsmi dollar məzənnəsi il ərzində ilk dəfə 100 rubldan yuxarı qalxıb, “Forex”də isə 101,1 rubla çatıb. Federal borc istiqrazlarının qiymətlərini izləyən RGBI indeksi yenidən düşərək 0,82 % itirib.

“Veles Kapital” analitiki Yelena Kojuxovanın fikrincə, bazar “geosiyasi risklərin artmasına” reaksiya verir. Bazar günü ABŞ ilk dəfə Ukraynaya 300 km mənzilli ATACMS raketlərini Rusiya ərazisinə hücum üçün istifadəyə icazə verib və çərşənbə axşamı gecəsi ilk belə hücum baş verib. Hücum nəticəsində Bryansk vilayətindəki hərbi baza vurulub. Kreml isə yeni nüvə doktrinasını təsdiqləyib. Bu doktrina de-fakto Ukraynaya nüvə zərbəsi endirməyə imkan yaradır. Sənədə əsasən, Rusiya Prezidenti Vladimir Putin dron hücumu və ya nüvə dövlətlərinin dəstəklədiyi qeyri-nüvə dövlətinin qanadlı raket zərbəsinə cavab olaraq nüvə silahından istifadə edə bilər.

Eskalasiya risklərinin nəticələri “proqnozlaşdırılmaz” ola bilər, deyə Kojuxova bildirir. “Finam”ın baş analitiki Aleksandr Potavinin fikrincə, mövcud şəraitdə Rusiya bazarının “perspektivləri o qədər də ümidverici deyil”. Onun sözlərinə görə, Mərkəzi Bank əsas faiz dərəcəsini artırmağa davam edəcək, xarici ticarətdəki vəziyyət pisləşir ki, bu da rublun məzənnəsinə təzyiq göstərir. Potavin proqnozlaşdırır ki, dolların məzənnəsi 102,5 rubla çata bilər. Kojuxovanın gözləntisinə görə, Moskva Birjası indeksi 2 500 bəndə – 2023-cü ilin mayından bəri ən aşağı səviyyəyə düşə bilər.

“Cebheinfo.az”

Избранный
43
18
cebheinfo.az

10Источники