RU

Nəvəsi milyonçu Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonlarından danışdı: "Hələ də əlçatmazdır..."

“Bu il babam – neft milyonçusu-xeyriyyəçi Ağa Musa Nağıyevin anadan olmasının 175 ili tamam olur. Bu münasibətlə  layihəm əsasında çəkilmiş  “Ağa Musa Nağıyev - 175” sənədli filmin ilk təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasının elm kitabxanasında keçirildi. Hər filmdə olduğu kimi bu filmdə də görkəmli alimlər, mütəxəssislər iştirak ediblər. Film çox gözəl alınıb. Neft buruqlarına qədər gedib kadrlar çəkdirmişdim. Sevinirəm ki, bu gün də Ağa Musa Nağıyevin yaratdığı buruqların hər biri gündəlik 4-5 ton neft çıxarır. Neft tükənmir, qara qızıl həmişə olub, olacaq. Azərbaycan Bakı nefti ilə hər zaman fəxr edir və fəxr etməlidir. Məlumatınız olsun ki, babamın həyata keçirdiklərinə rəğmən 9 kitab yazmışam. Bu yaxınlarda “Tarix yaşadan binalar”  adlandırdığım 10-cu kitabım  işıq üzü görəcək. Bakının 11 milyonçusu  arasında  98 bina tikdirən, 413 milyon yatırımı olan yeganə Ağa Musa Nağıyev olub. Bakının  11 məşhur milyonçuları arasında birincilik qazanıb”.  

News24.az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycanın  milyonçu xeyriyyəçisi Ağa Musa Nağıyevin nəvəsi, “Milli dəyərlərin qorunması” İctimai Birliyinin təsisçisi Dilarə Ağamusa Nağıyeva deyib.  

O, babasının indiyədək İsveçrə bankında qalan milyonları barədə də danışıb:  “Aldığım məlumatlara görə, pullar İngiltərə və İsveçrə banklarındadır. Bu, 90% doğru məlumatdır. Müəyyən sənədlərə görə hələ də bir az əlçatmazdır...”

84 yaşlı Dilarə Ağamusa gözəl və gümrah qalmasının sirrini belə açıqlayıb: “Məndə həyata eşq, məhəbbət var. İnsanları, həyatı çox sevirəm. Gün ərzində işimlə əlaqədar  piyada və ya  avtobuslarla nə qədər gedib-gəlirəmsə, yorulmaq bilmirəm. Saysız-hesabsız tədbirlər keçirirəm, babamın fəaliyyəti ilə əlaqədar çəkilən 6 sənədli filmin layihə rəhbəriyəm, “musanaqiyev.az” saytını yaratmışam, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin təsisçisi, sədriyəm. Təşkilatın departament rəhbəri və üzvləri ilə  tez-tez şəhid, qazi ailələrini ziyarət edirik. Yeni kitabımda ziyarətində olduğumuz 25-dən çox şəhid, qazi haqqında esselər var. Həyatı həqiqətən sevəndə hər şey əldə etmək olar. “Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyəti” mövzusunda yazdığım dissertasiyamın üzərində  2009-cu ildən işləyirdim. “Müəyyən səbəblərdən” müdafiəm 2022-ci ildə baş tutdu. 82 yaşımda tarix üzrə fəlsəfə doktoru-alimlik dərəcəsinə yiyələnmişəm. İstəyimə nail olmayana qədər heç bir işdən əl çəkmirəm. Üç ildən bir yeni kitabım çıxır. Son 7 kitabımı (hər biri 400-450 səhifədir) kompüterdə özüm yazıram və əməyimdən xüsusi zövq alıram. Bütün bunlar yuxusuz keçirdiyim gecələrimin bəhrəsidir. Mən Ağa Musa Nağıyevin təkcə nəvəsi deyil, həm də tədqiqatçısıyam. Babam Şollar suyunun Bakıya çəkilməsində 75% ödənişi  üzərinə götürmüş, 33 milyona başa gələn “su çəkmənin” 24 milyonunu Ağa Musa Nağıyev ödəmişdir. 35 imkansız ailənin vəsiyyətinə əməl edərək, onların nəşini Kərbəlaya  göndərib. O, səhiyyəyə, təhsilə də böyük önəm verib. Onun xeyriyyə işləri çox olub, sadəcə, hamısını sadalamaq çətindir. Xeyriyyəçiliyinin sübutudur ki, gənc yaşında dünyasını dəyişmiş  oğlu İsmayılın xatirəsinə tikdirdiyi - Bakının tacı sayılan, “İsmailiyyə” binasını (indiki AMEA) ilk Xeyriyyə Cəmiyyətinə hədiyyə etmişdir. Fəxr edirəm ki, məhz Ağa Musa Nağıyev Bakının 11 milyonçusu arasında birincilik qazanıb. Gənclərimizə tövsiyəm budur ki, tariximizi yaşatsınlar. Kimin əlindən nə gəlirsə, zərrə qədər də olsa, keçmişimizi yazıb məqaləyə, kitablara çevirsə, tariximiz daha da  genişlənər, daha da oxunaqlı olar. Milyonçu-xeyriyyəçilərin nəslindən olan  şahidlər məni flaqman adlandırırlar.  Dövrün “tələbinə” görə Kərbəlada dəfn edilməsi niyyəti ilə Ağa Musa Nağıyevin “əmanət” qəbrinin yeri 3 dəfə: 1919, 1931 və 1938-ci illərdə dəyişdirilmişdir. Nəhayət, 1998-ci ildə  qəbrini daimiləşdirmək məqsədilə nəşini kəfənə tutaraq Biləcəri qəbiristanlığında dəfn olunmasını həyata keçirmişəm. İsmailiyyə binasının maketini məzarı üzərinə qoyulandan düşünürdüm ki, onun məzarüstü  heykəli ucalmalıdır. 2016-cı ildə bu arzuma da çatdım.  İş adamı Zülfüqar Muxtarzadənin xeyriyyəçiliyi ilə Ağa Musa Nağıyevin məzarı üstündə heykəli qoyuldu. AMEA-nın loqosunun yenilənməsi  məqsədilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin yeni loqotipin yaradılması üçün elan etdiyi müsabiqəyə əsasən, “İsmailiyyə” binasının təsviri Akademiyanın loqotipi olaraq təsdiqlənib. Tikdirdiyi 98 binanın sayını sıralayan rəqəmlərin arxasında fenomen şəxsiyyətin dəyərli xidmətlərı dayanır. Arzusuna  çatmağa tikmədiyi iki bina qaldı. Bu arzunun reallaşdırmaq - Ağa Musa Nağıyevi tarixə 100 bina tikdirən milyonçu kimi gətirmək bu günümün düşüncəsidir. Bu gün məni  “98 + 2 düsturu”nun müəllifi də adlandırırlar”. 


Избранный
23
4
news24.az

5Источники