RU

Çörək verdik, mərmi atdılar...

Xəbər verdiyimiz kimi, bu gün Ağdam Şəhəri Günüdür.

“Qafqazinfo”nun məlumatına görə, 23 iyul 1993-cü ildən erməni işğalında olan şəhər Üçtərəfli Bəyanatın ikinci bəndinə əsasən 20 noyabr 2020-ci il tarixində gerçək sahiblərinə qaytarılıb.

İşğal dövründə digər ərazilərimiz kimi Ağdam şəhəri və rayonun yaşayış məntəqələri, mədəni irsimiz və abidələrimiz də erməni vandalizminə məruz qalıb.

Həmin abidələrdən biri də Ağdamda yerləşən Çörək muzeyi olub. 80-ci illərin əvvəllərində Almaniyanın Ulm şəhərində yerləşən Çörək muzeyi haqqında “İzvestiya” qəzetində maraqlı məqalə dərc olunur.

Elə bundan sonra Ağdamda da eyniadlı muzeyin yaradılması fikri müzakirəyə qoyulur.

Yekun qərar verildikdən sonra dəyirman binasının ətrafı təmir edilir, yerli mütəxəssislər tərəfindən fasadında məşhur daş mozaika yaradılır.

Həmin mozaikanın ideası Sadıq Murtuzayevə, tərtibatı isə dizayner-rəssam Zakir Rüstəmova aiddir.

Rəngbərəng mozaikanın hazırlanmasında panno adlı xüsusi rəngli daşlardan istifadə olunur.

25 noyabr 1983-cü ildə muzey ilk dəfə qapılarını ziyarətçilərinin üzünə açır.

Kompleksə karvansara da daxil idi ki, Sovet dönəmində “Dəyirman həyəti” adlanan ərazidəki karvansara yaşayış üçün uyğunlaşdırılaraq yerli sakinlərə verilib.

Muzey üç əsas bölmədən ibarət idi. Birinci zalda gündə 8-10 ton buğda üyütmək gücü olan mexaniki dəyirman yerləşirdi. Burada həmçinin 1930-cu illərində istifadə edilən “Triyer” taxıl təmizləyici qurğu sərgilənirdi.

İkinci sərgi zalında xış, vəl, çin, oraq, II əsrə aid əl dəyirmanı (kirkirə) və s. kimi alətlər nümayiş olunurdu.

Muzeyin ikinci mərtəbəsində undan hazırlanan məhsullar, o cümlədən, Gəncə, Naxçıvan, Qarabağ, Gürcüstan, Ermənistan, Dağıstan, Səmərqənddə bişirilən çörək növləri sərgilənirdi.

Divarlara vurulan “Çörək baha olanda ölüm ucuz olar”, “Çörək verərsən, çörək verərlər, daş atsan, daş atarlar”, “Qılınc kəsməyəni çörək kəsər” atalar sözləri çörəyin müqəddəsliyini, gücünü, qüdrətini simvolizə edirdi.

90-cı illərdə Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşür. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamır. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də 16:40 radələrində muzeyi tamamilə məhv edir.

Nəticədə muzeydə olan 1500-dək eksponat külə dönür, dəyirmanın yalnız divarları qalır.

Избранный
17
1
qafqazinfo.az

2Источники