RU

İlqar Məmmədov HARALARDADI...

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Bu yaxınlarda Respublikaçı Alternativ Partiyasının (REAL) sədrliyindən istefa verən İlqar Məmmədovun ölkədən getməyə hazırlaşdığı barədə məlumat yayılıb. İddialara görə, REAL-dan istefa verməklə siyasət gedən İlqar Məmmədov ölkədən də getməyə hazırlaşır.

İlqar Məmmədov hazırda haralardadı, onun REAL-ın sədri vəzifəsindən getdikdən sonra hansı işlə məşğul olduğu maraq doğurur, siyasətçi doğrudanmı ölkədən getməyə hazırlaşır?

Əməkdaşımız məsələni aydınlaşdırmaq üçün İlqar Məmmədovun özü ilə  əlaqə saxlamağa çalışıb. Lakin onunla danışmaq mümkün olmayıb.

Əvəzində REAL Partiyasının hazırki sədri Natiq Cəfərli suallarımıza cavab verib:

"İlqar Məmmədov ölkədən getməyib. REAL Partiyasının Siyasi Komitəsinin üzvü kimi partiyanın inkişafı, üzvlük strategiyası və sənədlərin hazırlanması ilə məşğuldur. O, bütün günü - səhərdən axşama qədər partiyaının ofisində olur. Siyasi Komitənin üzvü kimi bu gün də aktiv fəaliyyət göstərir. Ölkədən getmək niyyəti də yoxdur".
 

İlqar Məmmədov 1998-ci ilin dekabrdan 2003-cü ilin oktyabrına kimi Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin müavini olub.

14 iyun 1970-ci ldə Bakı şəhərində doğulan İ.Məmmədov 1987-ci ildə paytaxtdakı 248 saylı orta məktəbi bitirib. Sonra Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsində qəbul olunub. 1988-1989-cu illərdə Sovet ordusunda hərbi xidmət keçib. 1993-cü ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilini başa vurub.

1998-ci ildə Budapeştdə Mərkəzi Avropa Universitetinin siyasi elmlər fakültəsini bitirib.

1994–2000-ci illərdə Bakı Dövlət Universitetində elmi işçi vəzifəsində çalışıb.

2000-ci il parlament seçkilərində İlqar Məmmədov AMİP tərəfindən 7 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd irəli sürülüb. Lakin namizədliyi qeydə alınmayıb.

İlqar Məmmədov 2001-ci il təkrar parlament seçkilərində iştirak etmək istəsə də, partiyasının boykot qərarı səbəbi ilə bu istəyi reallaşmayıb.

2003-cü ilin sonunda İ.Məmmədov AMİP-dən strateji fikir ayrılığı səbəbilə ayrılıb.
 
2004–2005-ci illərdə ABŞ-ın Azərbaycandakı səfirliyində ticari-iqtisadi siyasət məsələləri üzrə asisstent vəzifəsini tutub.

2005-ci ildə bir neçə ay Beynəlxalq Böhran Qrupunun (International Crisis Group) Azərbaycan üzrə təmsilçisi olub, lakin Qarabağ siyasətinə dair təşkilatın təklif etdiyi baxışlarla narazılığını beynəlxalq konfransda səsləndirərək vəzifəsindən istefa verib.

2005-ci il parlament seçkilərində İlqar Məmmədov bitərəf olaraq 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə deputatlığa namizəd olub, lakin qalib gəlməyib.

2009-cu ildə Respublikaçı Alternativ Partiyası (REAL) qurulub və o, sədr seçilib.

2010-cu il parlament seçkilərində İlqar Məmmədov yenə bitərəf namizəd kimi 9 saylı Binəqədi seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürüb, lakin bu dəfə də parlamentə seçilməyib.

2013-cü ildəki prezident seçkilərində iştirak üçün Mərkəzi Seçki Komissiyasına namizəd kimi müraciət etsə də, namizədliyi qeydə alınmayıb.

İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı rayonundfa baş vermiş iğtişaşlarla əlaqədar istintaqa çağırılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 220.1 və 315.2 maddələri ilə təqsirli bilinərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Onun həbsi bir sıra beynəlxalq təşkilatların etirazına səbəb olub. Avropa Məhkəməsi 2014-cü ildə onun həbsdən burazılmasını tələb edən qərar qəbul edib. 2018-ci il avqustun 13-də İ.Məmmədov şərti azadlığa buraxılsa da, Avropa Şurası bunu yetərli icra forması saymadı. 2020-ci ilin aprelində Azərbaycan Ali Məhkəməsinin Plenumu İlqar Məmmədova tam bəraət verəndən sonra Avropa Şurası işi bağlayıb.

İ.Məmmədovun sədri olduğu REAL Partiyası 31 avqust 2020-ci ildə rəsmən dövlət qeydiyyatına alınıb.

REAL-ın sədri 2024-cü il 1 sentyabr tarixli parlament seçkilərinə 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən qatılsa da, qalib gələ bilməyib. 11 sentyabr 2024-cü ildə Mərkəzi Seçki Komissiyası İlqar Məmmədovun seçki dairəsilə bağlı şikayətlərinə baxaraq, sadəcə 3 məntəqənin nəticələrinin ləğv edib, ümumilikdə isə seçki dairəsi üzrə nəticələrin ləğv olunmamasına qərar verilib.
Bunun ardınca, İlqar Məmmədov ötən il söz verdiyi kimi, partiya sədrliyindən istefa verib. Onun istefası partiya Siyasi Komitəsinin 12 sentyabr 2024-cü il tarixli iclasında qəbul olunub.

İlqar Məmmədov evlidir, bir qızı var. Siyasətçinin övladı Hollandiyanın Rotterdam şəhərindəki universitetdə Beynəlxalq biznesin idarəedilməsi üzrə ali təhsil alır.


A.Qorxmaz

Избранный
23
modern.az

1Источники