RU

Bütün hədəfləri təmin edən maliyyə zərfi

2025-ci ilin büdcə layihəsi Milli Məclisdə müzakirə olunur

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2025-ci ilin dövlət büdcəsi layihəsi” haqqında qanun layihəsi müzakirə olunmaqdadır. Büdcə sənədi ölkəmizin iqtisadi inkişaf templəri və maliyyə dayanıqlılığı ssenariləri əsasında tərtib edildiyindən cari və gələn ilin makroiqtisadi göstəricilərinin vəziyyəti gəlir və xərc siyasətində əsas yer tutur. Hazırda ölkəmizin inkişaf dinamikası olduqca ümidvericidir. Qlobal miqyasda artan geosiyasi gərginliklərə, beynəlxalq əmtəə bazarlarında volatil qiymətlərə, dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub. Cari ilin ötən dövrü ərzində əlverişli xarici mühit və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sının uğurlu icrası nəticəsində ölkədə iqtisadi fəallığım davam etməsi, o cümlədən qeyri- neft-qaz sektorunun bütün sahələrində müsbət artım templəri müşahidə olunmaqdadır. 2024-cü ilin ötən 10 ayı ərzində ÜDM 5 faiz artıb ki, əlavə dəyərin əsas sütunları qeyri-neft sektoru olub.

İqtisadi mühit qənaətbəxşdir

Hazırda ölkənin strateji valyuta ehtiyatları 73 milyard dolları ötüb. Bu göstərici cari ilin sonuna gözlənilən ÜDM-in 100 faizi olmaqla xarici dövlət borcunu 15 dəfəyə yaxın üstələyəcək. Birbaşa xarici dövlət borcumuzun səviyyəsi aşağıdır. Oktyabrın 1-i tarixinə bu göstərici 5 milyard dollar olmaqla ÜDM-in 7,2 faizini təşkil edir. Dünya üzrə ərzaq məhsullarının qiymətlərinin nisbətən azalaraq sabitləşməsi və bunun idxal qiymətlərinə təsiri, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndirib. O cümlədən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası antiinflyasiya tədbirlərinə öz töhfəsini verməkdədir, 2024-cü ilin 10 ayında orta illik inflyasiya 1,7 faiz təşkil edib.

Eyni zamanda, növbəti ilin makroiqtisadi göstəriciləri də büdcə siyasətinin parametlərini müəyyən etmək baxımından əlverişlidir. 2025-ci il və növbəti üç ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi mövcud xarici və daxili makroiqtisadi mühit, büdcə siyasətinin əsas istiqamət və hədəfləri, büdcə qaydasının hədəfləri və makroiqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanıb. Belə ki, növbəti ilin büdcə siyasəti çərçivəsi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Naxçıvan Muxtar Respublikasının Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin olunması kimi əsas hədəfləri özündə birləşdirir.

Gəlirlər 38,3 milyard, xərclər 41 milyard 368 milyon manat

Növbəti ilin dövlət və icmal büdcələrinin tərtibi ssenariləri İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsas götürülüb. 2025-ci ildə ÜDM-in nominal həcmi 129,2 milyard manat, qeyri-neft qaz sektorunda ÜDM-in nominal həcmi isə 92,2 milyard manat proqnozlaşdırılır. Növbəti ildə adambaşına düşən ÜDM-in 7412 dollar, 2028-ci ilin sonuna isə 8522 dolları təşkil edəcəyi ehtimal olunur. 2025-ci ildə tədiyə balansının cari hesabının profisitinin ÜDM-ə nisbəti 5,6 faiz həcmində, 2025-2028-ci illərdə isə neft-qaz hasilatının son tarixə olan proqnozu nəzərə alınmaqla cari hesab profisitinin ÜDM-ə nisbətinin orta hesabla 3 faiz ətrafında olacağı proqnozlaşdırılır. Bu çərçivə üzrə büdcədə ümumi daxili məhsulun artım tempi 3,5 faiz, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, xam neftin bir barelinin orta illik ixrac qiyməti büdcə hesablamaları üçün 70 dollar, təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti isə 242 dollar, manatın məzənnəsi isə 1 dollar - 1,7 manat səviyyəsində müəyyənləşib.

Maliyyə naziri Samir Şərifov bildirib ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat nəzərdə tutulur ki, bu da cari ildə dürüstləşdirilmiş büdcənin gəlirləri ilə nisbətdə təxminən 1 milyard manat çoxdur. Büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşəcək. Qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla yenə də üstünlük təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri 41 milyard 368 milyon manat məbləğində nəzərdə tutulur ki, bu rəqəm 2024-cü ilin təsdiq edilmiş ilk büdcəsinə nisbətən 4 milyard 605 milyon manat və yaxud 12,5 faiz, yenidən baxılmış büdcəyə nisbətən isə 1 milyard 625 milyon manat və yaxud 4,1 faiz çoxdur. Bu, müstəqil Azərbaycan Respublikasının tarixində ən böyük büdcə zərfi deməkdir. Faktiki olaraq yeni ilin büdcəsinin maliyyə portfeli ümumi daxili məhsulun (ÜDM) üçdə birinə bərabər olacaq. Bu, olduqca böyük maliyyə təminatı deməkdir. Yeri gəlmişkən, ortamüddətli dövr üçün, yəni, 2021-ci illə müqayisədə 2025-ci ilin dövlət büdcəsi üzrə xərclər 13 milyard 946 milyon manat və yaxud 1,5 dəfə artıb.

Əsas xərc hədəfi - hərbi məqsədlər və azad ərazilərin quruculuğu

2025-ci ildə dövlət büdcəsi xərclərinin inflyasiyaya təsiri davam edəcək. Mərkəzi Bankın sədri Taleh Kazımovun sözlərinə görə, gələn il büdcənin ümumi xərclərinin inflyasiyaya 0,2 faiz, o cümlədən cari xərclərinin də 0,2 faiz, əsaslı xərclərinin isə neytral təsir edəcəyi gözlənilir.

Büdcənin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Müdafiə və təhlükəsizlik xərclərinin məbləği 8 milyard 396,3 milyon manat olmaqla cəmi xərclərin 20 faizini təşkil edəcək. Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir. Həmin məqsədlərə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s. tədbirlərin maliyyə təminatı üçün 4 milyard manat vəsait nəzərdə tutulub.

2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında qalmağa davam edəcək. Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 41-42 faizini təşkil edir. 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Müasir-innovativ təhsilin inkişafı və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha böyük vəsait nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 17 faizini təşkil edir.

Keçmiş məcburi köçkünlər üçün 311 milyon manat

Dövlət büdcəsindən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitin 280 milyon manatı keçmiş məcburi köçkünlərin və yaxud onlara bərabər tutulan şəxslərin aylıq müavinətlərinə, 31 milyon manatı isə kommunal xidmətlərə yönəldiləcək.

Azərbaycanın 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə 893 milyon manat, investisiya layihələrinə isə 1 milyard 100 milyon manat ayrılması planlaşdırılır. Ümumi olaraq, bu məqsədlər üçün 1 milyard 993 milyon manat vəsait nəzərdə tutulub. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası üçün isə 150 milyon manat vəsait ayrılacaq.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi müəyyən edilmiş “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəflərinə uyğun olaraq gələn il iqlim dəyişikliyi üzrə ayrılmış büdcə vəsaitlərinin həcmi də artırılacaq. Belə ki, bütövlükdə yaşıl büdcə xərclərində 16 faizdən çox artım nəzərdə tutulur.

ELBRUS CƏFƏRLİ

Избранный
11
yeniazerbaycan.com

1Источники