RU

Urmu gölünün durumu ürəkaçan deyil: Belə getsə...

Urmu gölündə suyun səviyyəsi normal ekoloji vəziyyəti ilə müqayisədə 4 metr azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təbriz mediası məlumat yayıb.

Qeyd olunur ki, göldə ekoloji problem davam edir və son mövsümü yağışlara baxmayaraq, hazırda Urmu gölündə olan su həcmi 1 milyar 170 milyon kubmetrdir.

Məlumata görə, hazırda Urmu gölünün ümumi həcmindən cəmi 10%-i qalıb. Suyun səviyyəsinin belə azalması ciddi ekoloji və iqtisadi fəsadlar törədir. Bu, milyonlarla köçəri quşların və bölgə sakinlərinin həyatını təhlükə altına atır.

Urmu əhalisi gölün qurumasının qarşısın almaq üçün İranın yeni prezidenti Məsud Pezeşkiana ümid etsələr də, yeni hakimiyyət bu sahədə hələ bir iş görməyib. Bununla belə, urmulular Pezeşkian iqtidarının problemin həlli ilə bağlı addım atacağına inanır.

Urmu sakini Mehdi  Sərvəri Bakıvaxtı.az-a bildirib ki, Məsud Pezeşkian deputat olan zaman Urmunun problemini daha çox qabardırdı:

“İndiki prezident millət vəkili olarkən Urmu gölünün qurumasının qarşısının alınması istiqamətində daha fəal idi. Deputat kimi bununla bağlı diqqətçəkən təkliflər irəli sürürdü. Ümid edirik ki, prezident kimi də bu sahədə qətiyyətli addımlar atacaq”.

Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Onu da bildirək ki, gölün qurumasının əsas amillərindən biri də onun su hövzəsi ərazisində 23 bəndin tikilməsidir.

Murad Məmmədli

Избранный
38
bakivaxti.az

1Источники