RU

11+5 nəfər xalqımızı necə uduzdurur? – Futbolda təcili və təsirli tədbirlər zərurəti

İroniyasız, rişxəndsiz deyirəm, 0:6 hesabıyla yaxşı qurtardıq. İsveç millisi futbol yığmamızın qapısına 9 qol da vura bilərdi. Zatən, bir sayılmayan qol, bir qaçırılan penaltiləri oldu, bir də qapıçımızın 3-4 fövqəladə qurtarışı olmasaydı, tarixi Fransa məğlubiyyətinin (0:10) “rekord”u qırıla bilərdi. Santuş şanslıymış.

Sanruş demişkən, futbol millimizin bu gündə olmasının günahını ahıl portuqaliyalının belinə şələləməyək. Guya ondan əvvəl nə gündəydik? Adam gəlib, ağlına belə gətirmədiyi vəziyyətə düşüb. Santuşun dünənki jestlərindən də aydın olurdu ki, Bakıya gəldiyinə, Azərbaycan millisinin baş məşqçisi olmağa razılıq verdiyinə görə peşmandır. Amma onun günü bu gün istefa verib ölkədən getməsinin qarşısını ömrünün ixtiyar çağında 5-6 milyon pul qazanması faktı kəsir. Yoxsa o, reputasiyasının korlanacağından əndişəli deyil. İndən belə nə reputasiya? Ələyi ələnib, xəlbiri də göydə ora-bura uçur.

Santuş olmur, Xosep Qvardiola olsun, Karlo Ançelotti olsun, bu cür oyunçularla heç bir uğur qazanmaq mümkün deyil. Bir neçə oyunçunu çıxmaq şərtilə yerdə qalanların heç birini Avropa və dünya standartlarına uyğun idmançı saymaq olmaz. Bunlar yalnız məhəllələrarası yarışlarda fərqlənə bilərlər, təyyarə ilə getdikləri yerlərin meydançasında oynamağa hazır və qadir deyillər. Bacardıqları budur. Tez ruhdan düşürlər, mübarizə əzmləri yoxdur, basqı görəndə təntiyirlər, əl-ayaqları dolaşır, yersiz kobudluqlar edir, boş yerə cəzalı duruma düşürlər, bir gözləri arxadadır, həmişə topu geriyə ötürürlər, öz üzərinə oyun götürmək qabiliyyətləri yoxdur, götürəndə də batırırlar, uzaqdan qapıya zərbə vurmaq hünərləri çatmır və sair və ilaxır. Mənfilikləri saymaqla qurtarmaz.

Bu hesabla məğlubiyyət həzm olunası bir şey deyil. Klub komandası olsaydı, bir az deyinib keçərdik. Amma bu milli komandadır, milli bayrağımızın altında oynayır, oynamazdan qabaq himnimizi dinləyilər (amma çoxu oxumur, çünki bunlarda o qabiliyyət də yoxdur). Ortada bayraq və himn varsa, demək, qələbə və məğlubiyyət də dövlətin, xalqın adına yazılacaq. Bu, o deməkdir ki, milli futbolçularımız, meydana çıxan o 11+5 nəfər bizi, dövlətimizi və xalqımızı ona-buna uduzdururlar – həm də xroniki şəkildə, ard-arda.

207353_9lsli9v249.jpg

Dünən İsveç millisi ilə oyunun hesabı 0:5 olanda və hələ qarşıda yarım saat vaxt qalanda bu ölkədə yaşayan yaxın adamlardan biri yazmışdı ki, indi mən sabah isveçli iş yoldaşlarımın rişxəndinə nə cavab verəcəyimi düşünürəm.

Bax, milli komandanın uduzması budur. 5 min kilometr o tərəfdə bir vətən oğlu Azərbaycan futbolçularının əfəlliyinə görə öz kollektivində pərt vəziyyətdə qalacaq. 1:0 və ya 2:1 hesabına bir söz tapıb demək olar, deyərsən, bəxtiniz gətirdi. Bir də var, onlar deyələr ki, 6:0-la yaxşı qurtardınız, şansınız yavər getdi, daha 6 qol da vura bilərdik.

Ona görə də futbol təsərrüfatımızda işləri qaydasına qoymaq üçün təcili və təsirli tədbirlər görülməlidir.

Əslində heç birimiz o “təcili və təsirli tədbirlər”in nədən ibarət olduğunu dəqiq bilmirik. Hərəmizdə bir təsəvvür və fraqment var. Əksəriyyət “uşaq futbolunun inkişafı” deyir. Vallah, bu da demaqogiyadır, trendə çevrilib, hamı təkrar edir, ancaq çarə uşaq futbolunun inkişafında deyil. Yerlərdə yaxşı oynayan, parlaq gələcək vəd edən uşaqlar indi də var. Sadəcə, yekəlib-yekəlib Ramil Şeydayev olurlar. Əsas məsələ odur ki, o parlaq uşaqların cibləri pul, altları lüks avtomobil görəndən sonra tənbəlləşir, xaltura edir, oyunları yola verirlər.

Bir futbol deyil ki... Bizdə hansı idmançı ard-arda iki dəfə olimpiya medalı qazanıb? Heç biri. Hərəsinin bir atımlıq barıtı var. Atırlar, bitir. Sonra ömür boyu o bir atımlıq barıtın çörəyini yeyirlər, ya da yeməyə çalışırlar. Əzmli olmaq, daha yüksəklərə can atmaq, yeni nailiyyətlər üçün şirin cana əziyyət vermək söhbəti yoxdur. Baş problem budur.

Bir də futbol təsərrüfatının idarə edilməsi... AFFA prezidentləri dəyişir, amma millimizin dünya reytinqindəki yeri dəyişmir, heç cür ilk yüzlüyə düşə bilmirik. Fuad Musayevin başına oyun açıb AFFA-nı götürəndən sonra ümid edirdik ki, 114-cü yerdən canımız qurtaracaq, ikirəqəmli pillələrə qalxacağıq. İndi 114-cü yerdən də gerilərdəyik. O vaxtdan bəri futbola milyonlar xərclənib. Hər əcnəbi mütəxəssis buradan milyonçu olub gedib. İtalyan Canni de Byazi özü ilə bərabər 7-8 işsiz mütəxəssis gətirmişdi, hamısı özlərini tutdu, getdi. Berti Foqts onun kimi, Torres onun kimi.

Təcili və təsirli tədbirlər görmək lazımdır. Bu işin altında dövlətimizin reputasiyası durur. Bakının bir rayonu boyda olmayan dövlətlər var, futbolçuları rəqiblərini meydançaya çıxmağa peşman edir. Onlardan nümunə götürmək lazımdır.

Güləşdə, karatedə, cüdoda olimpiya medalı qazanan oğlanlar bu millətdəndirlərsə, o medalları qazanmağa başları, əzələləri, qolları, dizləri varsa, demək, futbolda da xroniki yıxılı olmaq durumundan qurtarmaq olar.

 

Избранный
63
21
musavat.com

10Источники