RU

Peru iqlim dəyişiklikləri ilə mübarizədə daha iddialı tədbirlərə çağırır

Ölkələr iqlim dəyişiklikləri ilə mübarizədə daha iddialı olmalıdırlar.

Olaylar xəbər verir ki, bunu Peru Təbii Resursların Strateji İnkişafı üzrə vitse-naziri Rakel Soto Torres COP29 Sammitində milli bəyanatı ilə çıxış edərkən bildirib.

"Iqlim dəyişikliyi bütün dünyada güclənir və Peru onun dağıdıcı təsirlərindən kənarda qalmır. Həssas ekosistemlərə malik olan ölkəmiz quraqlıqlar, Amazoniyada meşə yanğınları və buzlaq örtüyünün itirilməsi kimi mənfi təsirlərlə üzləşir", - deyə o bildirib.

O xatırladıb ki, Peru iqlim dəyişikliklərinə dair Milli Adaptasiya Planını hazırlayıb və bu planı milli iqlim dəyişikliyi strategiyasına və NDC-yə inteqrasiya edib. Bununla belə, bu addımlara baxmayaraq, iqlim proqramlarının maliyyələşdirilməsi kifayət qədər deyil. Həmçinin, iqlim dəyişikliyinin təsirlərinin azaldılması proqramlarının istiqamətlərini təcili olaraq yenidən nəzərdən keçirmək, daha iddialı hədəflər qoymaq və öhdəlikləri həyata keçirmək vacibdir.

"Peru adaptasiya və iqlim dəyişikliyinin təsirlərinin azaldılmasını milli siyasətinə inteqrasiya etmək üçün fəal işləyir, lakin bu səyləri həyata keçirmək və iqlim fəlakətlərindən gələn zərərləri qarşılamaq üçün resurs çatışmazlığı ilə üzləşir. Peru tərəfindən atılmış əsas addımlardan biri, iqlim dəyişikliyinin təsirlərinin azaldılması tədbirlərinin Milli Reyestrinin tənzimlənməsi üzrə sənədin hazırlanmasıdır. Bu sənəd karbon kreditləri bazarının şəffaf və səmərəli işləməsini təmin edəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
2
olaylar.az

3Источники