RU

Bəlkə sizin övladınız da onun qurbanıdır? -ARAŞDIRMA

Hər il dünyada 70 min uşaq passiv siqaret istifadəçisi olduğu üçün ölür

ÜST-nin məlumatlarına görə, dünyada təxminən 1,5 milyard insan siqaret çəkir və bu rəqəmin 2025-ci ildə 1,7 milyarda çatacağı gözlənilir. Dünyada hər il 8 milyondan çox insan infarkt, xərçəng, damar xəstəlikləri, hipertoniya və tənəffüs xəstəlikləri kimi tütün məmulatlarının istifadəsi səbəbindən dünyasını dəyişir. Bu ölümlərin 1 milyondan çoxu siqaret tüstüsünün təsiri ilə bağlıdır. Böyüklərin siqaret aludəçiliyi kiçiklərin ömrünü həyatlarının ilk illərində yarıda qoyur. Passiv istifadəçi olan uşaqlar, əsasən, xərçəng, nəfəs yolu xəstəliklərinə yoluxurlar, bir qismi isə qəfil ölümün qurbanı olur.

Hər şey ilk 30 dəqiqədə baş verir

Siqaret səbəbi ilə reallaşan ölümlərin növbəti 8 ildə iki dəfə artacağı gözlənilir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada uşaqların yarısı tütün tüstüsünə məruz qalır, təxminən 70 min uşaq isə passiv məruzqalma nəticəsində tənəffüs yoluxucu xəstəliklərdən 5 yaşına qədər ölür.

Siqaretçəkmə nisbətləri ölkələrin və regionların inkişaf səviyyəsinə görə dəyişir. Məlumatlara görə, dünyada 1 milyarddan çox aktiv siqaret çəkən var və onların 84 faizi inkişaf etməkdə olan və ya inkişaf etməmiş ölkələrdə yaşayır.

Araşdırmalar aktiv siqaret istifadəçilərinin çəkdiyi siqaretin tüstüsünə məruz qalan passiv istifadəçilərin 30 dəqiqə ərzində fiziki problemlər yaşadığını aşkarlayıb. Bundan əlavə, ÜST mütəxəssisləri qeyd edir ki, passiv istifadə zamanı insan orqanizmində baş qaldıran xərçəngdən ölənlərin sayı nüvə, radiasiya, kimyəvi dərman, təhlükəli maddələrlə tənəffüs nəticəsində yaranan xərçəng xəstəliyindən vəfat edənlərin sayından daha çoxdur.

Mütəxəssislər qeyd edir ki, siqaret yandırıldıqda 50%-i tüstüyə çevrilir, ətrafa yayılır, 25 % külə çevrilir, 25% isə çəkənin ciyərlərinə hopur. Nəticədə, siqaret çəkəndən çox tüstüyə məruz qalan passiv istifadəçi zərər görür.

Dünyada hər 2 kişidən biri və hər 5 qadından biri aktiv siqaret istifadəçisidir. Hesabata görə, dünyada 2 milyarda yaxın siqaret aludəçisi var. Dünya üzrə hər 5 saniyədə 1 nəfər siqaretdən yaranan xəstəlikdən ölür. ÜST-ün məlumatına görə, ötən əsrdə 100 milyon insan bu zərərli vərdişin qurbanı olub.

Azərbaycanda 3 milyona yaxın siqaret istifadəçisinin olduğu təxmin edilir. Bu rəqəm dünyanın ən yüksək siqaret statistikalarından biri hesab olunur. ÜST-ün bir neçə il əvvəl hazırladığı siyahıda Azərbaycan siqaret çəkən ölkələr arasında 85-ci yerdə qərarlaşır. Siqarettərgitmə xətti bu günədək milyonlarla insanın siqaretdən asılılığını dəf edib.

Dünya ondan qurtulmaq üçün nələr edir?

Dünyada ən yüksək siqaretçəkmə nisbəti Cənub-Şərqi Asiya və Balkan ölkələrində olduğu halda, Qərbi Avropa və Amerikada bu nisbət daha aşağıdır. Bir çox Cənubi və Cənub-Şərqi Asiya ölkələrində kişilər arasında siqaretçəkmə nisbətləri daha yüksəkdir. Məsələn, İndoneziyada kişilər arasında siqaretçəkmə nisbəti 76,2 faiz olduğu halda, qadınlarda bu göstərici cəmi 3,6 faizdir.

ÜST-nin və ölkədə aparılan tütün əleyhinə kampaniyaların effektivliyi ilə bütün dünyada siqaret asılılığı sürətlə azalmağa meyillidir. Məsələn, İngiltərədə 2000-ci ildə siqaretçəkmə nisbəti 38 faiz idisə, hazırda bu nisbət 19-a düşüb.

Çin, Hindistan, İndoneziya, ABŞ, Rusiya, Banqladeş, Yaponiya, Türkiyə, Vyetnam və Filippin tütün çəkən dünya əhalisinin üçdə ikisini təşkil edir. Bu ölkələrin ardınca müvafiq olaraq Myanma, Çili, Livan, Serbiya, Banqladeş, Yunanıstan və Bolqarıstan gəlir.

Siqaretin aldığı canların günü-gündən artmasına səbəb ictimai yerlərdə siqaret çəkilməsidir. İctimai yerlərdə siqaret qadağası dünyanın bir çox ölkəsində var. İlk dəfə 2004-cü ildən belə bir qadağa qoyulub, qanunda da əksini tapıb. İndi Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İtaliya, Danimarka, Yunanıstan, Hindistan, Misir, İspaniya, Çin, Rusiyada da bu qanunla ictimai yerlərdə siqaret qadağan edilir. Qanunu pozub çəkənləri də 25 dollardan 3000 dollaradək cərimə gözləyir.

Bəs biz?

“Tütün və tütün məmulatı haqqında” qanunda qanunun 21-ci maddəsinə əsasən, Azərbaycanda tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində, yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaret çəkmək qadağandır.

İnzibati Xətalar Məcəlləsinə görə, hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə 100 manat miqdarında cərimə, dəmiryol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə xəbərdarlıq və ya 5 manatdan 15 manatadək miqdarda cərimə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə görə 50 manat miqdarında cərimə, dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə xəbərdarlıq və ya yeddi manatdan 13 manatadək miqdarda cərimə, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə 40 manatdan 50 manatadək miqdarda cərimə müəyyən edilib.

Lalə Mehralı

Избранный
6
sesqazeti.az

1Источники