RU

Rauf Zeyni: "Azərbaycan COP29 çərçivəsində qlobal iqlim layihələrində önəmli rol oynaya bilər"

Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni QHT.az-a verdiyi açıqlamada COP29 çərçivəsində Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan iqlim dəyişikliyi və yaşıl enerji layihələrinə toxunub.

Onun sözlərinə görə, COP29-un əsas məqsədlərindən biri dünyada iqlim dəyişikliyinə qarşı mübarizədə ölkələrin birgə əməkdaşlığını gücləndirməkdir. Bu çərçivədə Azərbaycanda həyata keçirilməsi planlaşdırılan layihələr üçün təxminən 1 trilyon dollarlıq hədəf müəyyən edilmişdi. Hal-hazırda isə 200 milyard dollarlıq layihə təklifləri mövcuddur. Rauf Zeyni vurğulayıb ki, bu layihələr Azərbaycanın "Yaşıl dünya naminə əməkdaşlıq" təşəbbüslərinə uyğun olaraq hazırlanıb və ölkəmizin qlobal meqa layihələrdə iştirakını daha da gücləndirəcək. “Əgər bu hədəflər yerinə yetirilərsə, Azərbaycan Qarabağda və digər bölgələrdə böyük dirçəliş prosesində mühüm nailiyyətlər qazana bilər,” - deyə o bildirib.

Sədr həmçinin Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd edərək, bu layihənin ölkəmizin beynəlxalq tranzit və enerji mərkəzi kimi mövqeyini daha da gücləndirəcəyini vurğulayıb. O, COP29 çərçivəsində təqdim olunan layihələrin maliyyələşməsi və texnologiya transferi məsələlərinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Rauf Zeyni, COP29-un sonunda Azərbaycanla bağlı layihələrin həcminin artacağına və bunun təkcə ölkəmiz üçün deyil, bütövlükdə region və bəşəriyyət üçün faydalı olacağına ümid etdiyini bildirib.

 

Pərvanə Fərhadqızı

Избранный
47
1
qht.az

2Источники