RU

"AFFA bilir ki, Santuşu isetafaya göndərsə, milyonları göyə sovurmuş olacaq" - İdman eksperti

Ötən gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç seçməsinə 6:0 hesabla məğlub oldu. Millimizin baş məşqçisi Fernandu Santuş oyundan sonrakı mətbuat konfransında bu məğlubiyyətin məsuliyyətini öz üzərinə götürdüyünü söylədi. Hərçənd o, baş məşqçi olandan sonra da millimizin inkişaf etdiyini söyləmək olmaz. Zatən Santuş nə Polşada, nə də Türkiyənin "Beşiktaş" klubunda uğurlara imza atmış bir baş məşqçi hesab edilmir. Millimizə baş məşqçi təyin olunandan sonra da elə bir nailiyyət əldə edə bilməmişik.

Maraqlıdır, nə üçün Fernandu Santuşla bağlanılan müqaviləyə xitam verilmir? 

Bu barədə idman eksperti Elmar Rza Redaktor.az-a açıqlama verib. 

O bildirib ki, Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçi postuna gətirilməsi AFFA-nın yeni rəhbərliyinin seçimi idi:

"Ölkənin əsas futbol qurumunda hakimiyyətdə olanlar iddia edirdilər ki, onlar yeni inkişaf strategiyası hazırlayırlar və bu planın həyata keçməsində qocaman portuqala ehtiyac var. Lakin qeyd edildiyi kimi, Fernandu Santuşun Polşa millisində və "Beşiktaş"dakı fəaliyyəti Azərbaycan yığmasında uğurlu olacağına əsas vermirdi. Elə gözlənilən kimi də oldu". 

E.Rza qeyd edib ki, indiki məqamda 70 yaşlı mütəxəssisin göndərilməməsinin əsas səbəbləri AFFA-nın yeni rəhbərliyinin öz səhvini etiraf etməkdən boyun qaçırması və Santuşun istefaya göndəriləcəyi halda ödəniləcək kompensasiya məbləğinin böyüklüyü ilə əlaqədardır:

"Doğrudur, belə təzminatın mövcudluğu barədə ictimaiyyətə rəsmi açıqlama verilməyib, lakin düşünmürəm ki, portuqal məşqçi müqaviləsinə belə bir bənd salmasın. Bəlkə də yaxşı məbləğlə təqaüdə yollanmaq onun da ürəyindən keçir. Həmçinin o göndəriləcəksə, AFFA yenə "yuxarılar" qarşısında üzüqara çıxacaq və yenə milyonlar göyə sovrulmuş olacaq". 

Şəkilin

Ekspertin sözlərinə görə, Azərbaycan futbolunun problemi sistematikdir. Bunun bir baş məşqçi ilə dəyişəcəyi inandırıcı deyil:

"Ölkə futbolunda köklü islahatlar aparılmalıdır. Artıq şablonlaşmış fikir olsa da, uşaq futboluna ciddi yatırım olunmalıdır. Yerli mütəxəssislər hazırlanmalı, uşaq futbolu üçün lazımi infrastruktur qurulmalıdır. Bu olmadığı halda milli komandadan uğur gözləmək əbəsdir. 

Gəncədə aşağı yaş qrupları üzrə liqalarda 40-dək uşaq komandası stadion və paltardəyişmə otaqlarının yararsız olduğuna görə iştirakdan imtina edib. İlin sonuna yaxınlaşırıq, ancaq futbolun kütləviliyini təmin etmək, bölgə futbolunun inkişafı məqsədilə keçirilməli olan "Region Liqası"nda hələ də yeni mövsümə start verilməyib. II Liqa klubları səfər matçına getmək üçün pul tapmır. Regionlarda normal meydança sayı olduqca azdır. Futbolçu yetişmir, istedadlı futbolçular ədalətsiz sistemin içində yox olub gedirlər". 

"Bu problemlər həllini tapmadığı müddətdə əsas millimizin "qalib ölkənin qalib komandası"na çevrilməsi mümkün olmayacaq", - deyə idman eksperti vurğulayıb.

Sevinc İBRAHİMZADƏ

Избранный
12
redaktor.az

1Источники