RU

Azərbaycanın inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yüksək səviyyəyə çatıb.

Rövlan Heydərov,

YAP  Naftalan şəhər təşkilatının sədri 

Prezident cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında BMT-nin ən böyük tədbiri hesab olunan COP29 ən yüksək səviyyədə təşkil olunub və uğurla davam edir. COP 29 tədbirinin uğurlu açılış mərasimi, dünyanın ən müxtəlif bölgələrindən Bakıya təşrif buyuran dövlət və hökumət başçıları, beynəlxalq qurumların rəhbərləri bir daha sübut etdi ki, Azərbaycan artıq dünyanın sayılıb-seçilən, nüfuzlu dövlətlərindən biridir.

Noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Möhtərəm Prezidentimiz sammitdə çıxış edərək qeyd edib ki, “Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar olsun ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.”

Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın kiçik ada dövlətlərinə birmənalı dəstəyini nümayiş etdirdiyini, ölkəmizin fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərdiyini və eyni zamanda, həmin dövlətlərə su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verdiyini vurğulamışdır.

Həmçinin, Azərbaycan Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Ölkəmiz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi-“Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.

Ölkə başçımız çıxışında Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sent-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqlarının bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkdiklərini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat - Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır.

COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə “Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi” qəbul olunub. Bəyannamənin qəbul edilməsi COP29 Azərbaycan sədrliyinin növbəti uğurudur.

Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Ölkəmiz bu sahədə böyük potensiala malikdir və yeni əməkdaşlıq formatlarının yaradılması ilə bağlı çağırışlarını atdığı addımları ilə təsdiqləyir.

Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində yaradılan möhkəm təməl Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracaq, ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi yerini daha da möhkəmləndirəcək. Bu da Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə, dayanıqlı inkişafa malik olmasından irəli gəlir.

Избранный
23
27
yeniazerbaycan.com

10Источники