RU

Azərbaycan alimi qaraqalpaq ədəbiyyatına verdiyi töhfələrə görə təltif olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Nəzakət Məmmədli Özbəkistanda keçirilmiş “Hacıniyaz Kosıbay oğlu: Bəylər, tərif edim Qalpaq yurdunu” kitabının təqdimat mərasimində iştirak edib. Tədbir qaraqalpaq xalqının böyük şairi Hacıniyaz Kosıbay oğlunun anadan olmasının 200 illik yubileyinə həsr edilib.

Əlyazmalar İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, Nəzakət Məmmədli Özbəkistanın Berdağ adına Qaraqalpaq Dövlət Universitetində keçirilən təqdimat mərasimində çıxış edərək qaraqalpaq-Azərbaycan ədəbi əlaqələrindən, Hacıniyaz yaradıcılığının bədii xüsusiyyətlərindən danışıb. Qeyd edək ki, N.Məmmədli təqdimatı keçirilmiş “Hacıniyaz Kosıbay oğlu: Bəylər, tərif edim Qalpaq yurdunu” adlı şeirlər kitabının tərtibçisi olmaqla yanaşı, həm də tərcüməçisi, orada yer alan qeyd və izahların, giriş məqaləsinin və lüğətin müəllifidir.

Növbəti gün N.Məmmədli Nökis şəhərində yerləşən Ok Kuş kompleksində “Hacıniyaz Kosıbay oğlu – 200” adlı beynəlxalq elmi-nəzəri konfransın açılış mərasimində iştirak edib və qaraqalpaq ədəbiyyatına verdiyi töhfələrə görə Özbəkistanın Qaraqalpaqıstan Respublikası Ali Məclisinin “Fəxri üzvlük diplomu” ilə təltif olunub.

Azərbaycanlı alim konfrans çərçivəsində keçirilmiş bölmə iclaslarında “Hacıniyaz və Azərbaycan aşıq ədəbiyyatı” mövzusunda məruzə edib, çıxışına görə Beynəlxalq Türk Akademiyasının təşəkkürnaməsi və təşkilatçı qurumların sertifikatına layiq görülüb.

Qeyd edək ki, təqdimat mərasimi və beynəlxalq elmi-nəzəri konfrans Beynəlxalq Türk Akademiyası, Qaraqalpaq Dövlət Universiteti və Qaraqalpaq Humanitar Elmlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Избранный
19
tehsil.biz

1Источники