RU

Talıbovun atasına rəhmət oxutduran qadağa götürüldü - DETALLAR

İlk yayımlanma zamanı: 10:34

Muxtar respublikada yenidən dəbdəbəli yas mərasimləri başlayıb; deputat: “Sonradan Naxçıvana gələnlər...”

Azərbaycanda yaslarda yemək məclislərinin təşkil olunması, təmtəraqlı mərasimlərin keçirilməsi uzun illərdir müzakirə mövzusudur. Bir çox din alimi və mütəxəssislər yas məclislərində yemək verilməsinin ləğv edilməsinə çağırış ediblər. Hətta Qafqaz Müsəlmanları İdarəsi fətva ilə çıxış edərək, israfdan uzaq, İslam dininə uyğun mərasimlərin keçirilməsini tövsiyə edib.

Ehsan qadağası yas mərasimlərində varlı-kasıb ayrı-seçkiliyinin aradan qaldırılması üçün ən uğurlu seçim idi və cəmiyyət tərəfindən də birmənalı olaraq qəbul edilirdi. Hətta din xadimləri belə, şan-şöhrət xətrinə verilən ehsanların və ya kasıb birinin borc-xərc edərək təşkil etdiyi ehsan süfrəsinin ölüyə heç bir faydasının olmadığını insanlara izah etməyə çalışdılar.

Əsasən Bakıda ehsan qadağasına əməl edilmədi. Bu isə yəqin ki, bu işdə marağı olan şəxslərin istəyinə görə baş tutmadı. Onu da qeyd etmək lazımdır ki, Bakıda ən dəbdəbəli yas mərasimləri QMİ-nin nəzarətində olan mərasim zallarında baş tutur. Əsasən də vəzifəli şəxslərin, onların yaxınlarının, imkanlı və nüfuzlu şəxslərin yas mərasimləri. Heç bir kasıb və imkansız adam bu məscidlərin mərasim zallarında yas mərasimi təşkil edə bilməz.

Azərbaycanda

Ölünün dirinin işini çətinləşdirdiyi Azərbaycanın digər bölgələrində də təəssüf ki, bu qadağanı tətbiq etmək mümkün olmadı. Yalnız bir neçə rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi qadağan edildi. Bu da yerlərdəki icra nümayəndələrinin, ağsaqqalların və ziyalıların təşəbbüsü ilə baş tutdu.

Dəbdəbəli yas mərasimlərinin qadağan olunması isə Naxçıvan nümunəsindən başlayırdı. İlk olaraq Naxçıvanda Vasif Talıbovun göstərişi ilə yas mərasimlərində çay, xurma, limon və halvadan başqa hər hansı bir nemətin masalara qoyulması qadağan edilmişdi. Ancaq son vaxtlar muxtar respublikada yenidən dəbdəbəli yas mərasimlərinə rast gəlinir. İnsanlarda Naxçıvanın bu məsələdə artıq keçmişə qayıtdığı təəssüratı yaranır.

Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, yas mərasimləri qanuna, dini ayinlərə və İslam qaydalarına uyğun şəkildə keçirilməlidir: “O cümlədən insanları narahat edən ehsanların verilməsi, müxtəlif meyvələrin, həddindən israfçılığın olması idi. İkinci bir məsələ qəbir daşları ilə bağlı idi. Mən komitə sədri (İctimai birliklər və dini qurumlar komitəsi - red.) olduğum zaman bu məsələlərlə bağlı qanun layihəsi hazırlamışdıq. Sonra Nazirlər Kabineti tərəfindən nümunəvi qəbiristanlıqlar salınması və bələdiyyələrə təhvil verilməsi ilə bağlı qərar qəbul edildi. Həmin qəbiristanlıqlarda bütün qəbirlərin eyni olması nəzərdə tutulmuşdu. Hətta sinə daşının və baş daşının eni, uzunu, hündürlüyü ilə bağlı məsələ də qaldırmışdıq. Yalnızca Fəxri Xiyaban və Şəhidlər Xiyabanını çıxmaq şərtilə geridə qalan qəbirlər eyni olmalı idi”.

Siyavuş

Siyavuş Novruzov

Komitə sədri qeyd edib ki, məsələ indi də gündəmdədir: “Ayrı-ayrı yerlərdə bu məsələlər artıq öz həllini tapıb. Vaxtilə biz bu məsələlərin üstündə ciddi durduqdan sonra yas müddəti qısaldıldı. Artıq mərasimlər dəfn, 3, 7, 40 və il olmaqla yekunlaşır. Biz hətta yas müddəti məsələsini də qoymuşduq ki, 15 dəqiqədən artıq olmasın. Bu məsələlərdə insanların kifayət qədər vaxtı gedir. İnsanlar orada oturmaqla nəyəsə nail olmur. Sadəcə başsağlığı verdikdən sonra oranı tərk edə bilər. Ucqar rayonlarda olan yaslara getmək üçün elə vaxt olur ki, insanlar 2 gününü itirir. Bu barədə də biz bildirmişdik ki, sadəcə başsağlığı verməklə bu məsələlər həll oluna bilər. Məqsəd münasibətini bildirməkdirsə, oraya gedib-gəlməyə ehtiyac yoxdur. Bu, yas sahibi üçün də çətindir, hər adamı qarşılamalı, yola salmalı, yemək işləri ilə məşğul olmalı olur. O baxımdan hesab edirəm ki, bu məsələyə qayıdılmalıdır. Bu məsələ ilə bağlı mütləq maarifləndirmə tədbirləri olmalıdır. Xüsusilə ziyalılar bu məsələyə toxunmalı, Milli Məclisin deputatları bu məsələni gündəliyə gətirməlidir”.

Komitə sədri Naxçıvandakı yas mərasimlərdən də danışıb. O bildirib ki, muxtar respublikada çay, qənd, xurma və limon verilir. Ancaq bəzi şəxslər bu qaydaları pozur: “Ehsanda bunlardan əlavə ən uzağı halva ola bilər. Naxçıvanda başqa heç nə verilmir. Həmin qaydalar yenə də qalmaqdadır. Kimsə pozmağa cəhd göstərə bilər, xüsusilə xaricdə işləyən, sonra Naxçıvana gələnlər daha təmtəraqlı yas mərasimi keçirməyə çalışır. Bu zaman insanlar arasındakı bərabərlik pozulur. Bəzi hallar qeydə alınsa da, ümumi qaydalar qalır. Hesab edirəm ki, Naxçıvan bu mövzuda bütün ölkəyə örnək olduğu zamana qayıdacaq”.

“Yeni Müsavat”

Избранный
36
50
musavat.com

10Источники