RU

Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? – Hesablama Palatası “effekti yoxdur” deyir

2019-cu il iyunun 28-də Prezidenti İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Bu Fərman subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur. 

Fərmanda bitkiçilik sahəsində aşağıdakı növdə subsidiyalar nəzərdə tutulub: 

Əkin subsidiyası - fermerlərə bitkilərinin becərilməsi üçün istifadə etdikləri sertifikatlı toxum, ting, gübrə, pestisidlərin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək üçün bitki becərilən sahənin hər hektarına görə verilir. Hektar başına əkin subsidiyası regionlar və bitki növləri üzrə fərqli məbləğlərdə müəyyən edilir. 2019-cu ildən etibarən dolayısıyla fermerlərə həmin vaxta qədər verilən yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təkrar əkinlərə görə və mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştli qiymətə alınması ilə bağlı birbaşa və dolayı subsidiyaların birləşdirilərək əkin subsidiyası formasında verilir.

Məhsul subsidiyası - tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər kiloqramına görə əkin subsidiyasına əlavə olaraq verilir. Məhsul subsidiyası tətbiq ediləcək bitki növləri və əmsallar Aqrar Subsidiya Şurası tərəfindən müəyyən olunubr.

Toxum subsidiyası – toxumçu fermerlərə sertifikatlı (1-ci və 2-ci reproduksiya) toxumların və tinglərin satışına görə Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən kvotalara uyğun olaraq verilir.

Aqrar Subsidiya Şurasının 2023-cü ildə müəyyən etdiyi qaydalara görə, ölkədə intensiv bostan şəraitində becərilən əksər bitkilər üçün subsidiyaların miqdarı müəyyən olunub. Məsələn, limon, kivi, naringi, portağal, fındıq, zeytun bağlarının hər hektarına 5000-11600 manat məbləğində subsidiya verilir. Bundan əlavə başqa meyvə növləri, giləmeyvələr, bostan bitkiləri üçün də subsidiya məbləğləri müəyyən edilib.

Bu məqsədlə aqrar sektora büdcədən ayrılan vəsaitin məbləği ildən-ilə artır. 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnozundan 41,6 mln. manat və ya 9,4% çoxdur.

Amma Hesablama Palatası bu qənaətə gəlib ki, aqrar sektora hər il ayrılan 100 milyonlarla vəsait bu sahədə inkişafa gətirib çıxarmayıb, əksinə, tənəzzül yaşanır. 

Palatanın gələn ilin dövlət büdcəsinə verdiyi rəydə bu məqamlar belə sıralanır:

Aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artıb, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2% azalıb.

Subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9,4% artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0,1 faiz bəndi olması gözlənilir.

Maraqlıdır, aqrar sektorun subsidiyalaşdırılması niyə gözlənilən nəticəni vermədi, hansı problemlər dövlətin müəyyənləşlədirdiyi strategiyanın özünü doğrultmasına əngəl oldu?

Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli “AzPolitika”-ya şərhində bildirib ki, Azərbaycan hökuməti ayrılan subsidiyaları kənd təsərrüfatı məhsulu istehsalçıları üçün dəstək hesab edir. Onun sözlərinə görə, uzun müddətdir kənd təsərrüfatına böyük məbləğdə subsidiyalar ayrılsa da, təəssüf ki, ayrılan vəsaitlər effekt vermir: “Təsəvvür edin, bu il istehsal olunan buğdanın həcmi 20 il bundan öncə istehsal olunan buğdanın həcmi səviyyəsində olub. Halbuki, həmin illərdə ümumiyyətlə, subsidiya nəzərdə tutulmurdu”.

V.Məhərrəmli qeyd edir ki, bir çox hallarda ayrılan subsidiyalar oliqarx məmurların təsərrüfatlarına xidmət edir: “Baxın, indi yeni bağların salınması ilə bağlı şərtlər müəyyən edilib. Şərtlərdən biri odur ki, müasir dövrün tələbinə uyğun suvarma sistemi qurulmalıdır. Bunu isə yalnız imkanlı adamlar edə bilər. Bu da kimlərdir? Əlbəttə ki, əsasən oliqarx məmurlar. Biz görürük ki, son bir neçə ildə ayrılan subsidiyaların həcmini artırıblar. İlk mərhələdə səhv etmirəmsə 70-80 milyon nəzərdə tutulurdusa, indi artıq bu rəqəm 400 milyon manatı keçib. Bu, onunla bağlıdır ki, son bir neçə ildə onlar böyük fermer təsərrüfatları yaradıblar. Ayrılan subsidiyanın çox hissəsi onların biznesini stimullaşdırır”.

Mütəxəssis deyir ki, subsidiya məsələsi bununla da bitmir: “Onlar bir tərəfdən həm subsidiya alırlar, həm də bu sahəyə dövlət büdcəsindən vəsait ayrılır. Məsələn, aqroparklar üçün 1,1 milyard manat ayrılıb. Aqroparkların yaradılması üçün də çoxsaylı güzəştlər var ki, həmin məmurlar bundan istifadə edə bilərlər. İndi deyirlər ki, aqroparklara ayrılan subsidiyalardan hər kəs bəhrələnir”.

Vahid Məhərrəmli vurğulayır ki, əslində bundan bəhrələnənlər əsasən oliqarx məmurlardır: “Keçən ilə kimi ayrılan subsidiyanın 75 faizi istehsal vasitəsinin əldə edilməsinə yönəlirdi - yəni, gübrələrin alınmasına. Onların satışını da o oliqarx məmurlara yaxın adamlar həyata keçirirdi. Oliqarx yaxınlarının gətirdikləri gübrələrin keyfiyyəti isə aşağı idi. Deməli, daha ucuz alıb, daha baha qiymətə kəndlilərə məcbur satırdılar. Çünki şərt belə idi ki, kəndli aldığı subsidiyanın 75 faizini gübrəyə verməli idi. Bu yolla subsidiya kimi ayrılan vəsaitin bir hissəsi birbaşa onların cibinə gedirdi. Bu kimi fəndlərlə kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil”.

V.Məhərrəmli xatırladır ki, digər ölkələrdə də belə subsidiyalar nəzərdə tutulub. Onun sözlərinə görə, istənilən halda bu sahəyə vəsait ayrılırsa, bu, özünü istehsalda, məhsuldarlığın artımında, məhsulun keyfiyyətində və qiymətində göstərməlidir: “Biz isə görürük ki, son vaxtlar məhsuldarlıq aşağı düşür, məhsulun keyfiyyəti pisləşir, digər tərəfdən, istehsal olunan məhsulun maya dəyərinin artdığını və satış qiymətinin yüksəldiyini görürük”.

E.Rüstəmli

“AzPolitika.info”

Избранный
18
azpolitika.info

1Источники