RU

"İcra hakimiyyətləri məktəbəqədər təhsili bərbad vəziyyətə saldı, çoxunun təhsili yoxdur" -Ekspert

Azərbaycan Ombusdmanı Səbinə Əliyeva uşaq bağçalarında yeni ştatların yaradılmasını təklif edib. Belə ki, bağçalarda “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştatlarının əlavə edilməsi təklifi irəli sürülüb.

Bəs bundan başqa bağçalarda hansı mütəxəssislərə ehtiyac var?

Təhsil eksperti Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirib ki, 2011-ci ildə məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarının tabeçiliyinə verilmişdi. Bu 10 il, yəni 2021-ci il daxil olmaqla davam etdi və beləliklə, məktəbəqədər təhsil pilləsini tamamilə bərbad hala düşməsinə gətirib çıxartdı:

"Hazırda məktəbəqədər təhsil müəssisələrində işləyən təhsil verənlərin üçdə birinin ümumiyyətlə təhsili yoxdur, üçdə birinin təhsili isə məktəbəqədərlə bağlı deyil. Bu baxımdan məktəbəqədər təhsil müəssisələrində ciddi islahatlara ehtiyac var. Çox təəssüflər olsun ki, 2021-ci ildə ölkə Prezidentinin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi zamanı çox ciddi bir şansı əldən buraxdıq. Məktəbəqədər təhsil müəssisələrini yenidən təşkil etmək, kadr məsələsini həll etmək olardı. Məktəbəqədər təhsil müəssisələrinin ştat vahidlərini Nazirlər Kabineti tərəfindən müəyyən olunub. İstər uşaq psixoloqlarının, istərsə də erkən yaşı üzrə mütəxəssislərin ştat vahidlərinə daxil edilməsi yalnız Nazirlər Kabinetinin qərarı əsasında mümkündür. Digər bir tərəfdən baxaq görək, bu gün bizim uşaq psixoloqlarımız varmı, onlar yetərlidirmi? Erkən inkişafı üzrə mütəxəssislərimiz varmı? Onların təhsili, bacarıqları lazım olan səviyyədədir və hansı parametrlərə görə biz bu kadrları işə götürəcəyik?".

E.Qafarovun fikrincə, məktəbəqədər təhsil müəssisələri ləğv edilib, onların bazasında yeni müəssisələr yaradılmalıdır:

"Bu zaman məktəbəqədərdə olan kadrlarla bağlı neqativ hallar təmizlənməlidir, eyni zamanda özəl sektora dövlət dəstəyi artırılmalıdır və adambaşına düşən maliyyələşmə sisteminə keçid olmalıdır. Valideynlərə imkan yaradılmalıdır ki, dövlətin ayırdığı vəsaiti hansı özəl və yaxud dövlət məktəbəqədər təhsil müəssisəsini seçirsə, məhz həmin məktəbəqədər təhsil müəssisəsinin hesabına keçirmiş olsunlar. Beynəlxalq təcrübədə də belədir və məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi ilə bağlı biz də addım atmalıyıq. Bu gün Azərbaycan məktəbəqədər təhsil müəssisələrində uşaqların əhatəliyinə görə ən axırıncı yerlərdən birini tutur. Təqribən 500 min məktəbəqədər təhsil müəssisəsinə gedəsi uşağın ortalama 20 000 civarı gedir. Bunun faiz nisbətini demək belə acınacaqlıdır. Biz ailə tipli məktəbəqədər təhsil, icma tipli məktəbəqədər təhsil, kiçik məktəbəqədər təhsil kimi layihələri həyata keçirsək, bunlar əvvəla müvəqqəti xarakter daşıyır, ikincisi isə real tələbatı ödəmir".

Ekspert qeyd edib ki, atılacaq addımlardan birincisi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsi üçün Dövlət Proqramının təsdiq olunmasıdır, həmçinin məktəbəqədər təhsil müəssisələrinin sayı və əhatəliyi genişləndirilməlidir:

"İkincisi, məktəbəqədər təhsil müəssisələrində ilk növbədə təhsili olmayanlar uzaqlaşdırılmalıdır. Amma çox təəssüf olsun ki, biz bunları etmədən birbaşa sertifikasiyaya gedirik və bu o deməkdir ki, məktəbəqədər ilə bağlı problemləri hələ həll etmək istəmirik. Bu baxımdan başdan ayağa problemlər içində olan bu pillədə hansısa kadrların oraya gətirilməsi nəyisə dəyişməyəcək və zatən o kadrlar yoxdur. İstənilən bir ştat payını əlavə edərkən o kadr hazırlığı həyata keçirilməlidir. Buna ən azı 4-5 il öncə başlamaq lazımdır ki, ali və orta ixtisas təhsili müəssisələrində bu sahə üzrə kadr hazırlama başlanılsın".

Sevinc İBRAHİMZADƏ

Избранный
22
redaktor.az

1Источники