RU

Dəm qazı hadisələrindən necə qurtulaq? 

Havaların soyuması nəticəsində vətəndaşların qaz soblarından istifadəsi artıb. Hələ qış aylarının başlamamasına baxmayaraq, dəm qazından zəhərlənənlərin sayı günü-gündən artır. Bu isə  qaz təchizatından düzgün istifadə etməməsindən və  avadanlıqların nasaz vəziyyətdə olmasından xəbər verir. 

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev "Yeni Azərbaycan" a açıqlamasında bildirib ki, harda qaz təchizatı varsa, orada təhlükəsizlik məsələsi öndə olmalıdır: "Nəzərə almaq lazımdır ki, qazdan düzgün istifadə olunmadıqda dəm qazı təhlükəsi yaranır. Qaz təsərrüfatı olan evlərdə dəm qazı əleyhinə avadanlıqlar quraşdırılmalıdır. Dəm qazı əleyhinə olan  aparat qazı hiss etdikdə anında istifadəçini məlumatlandırır. Bu təhlükəsizlik baxımından olduqca vacibdir və eyni zamanda qanunvericilikdə də bu  tətbiq olunub". 

Bəs dəm qazı hansı halda yaranır? Ekspertin sözlərinə görə, dəm qazı yanma prosesi düzgün getmədiyi üçün yaranır: "Standartlara uyğun olmayan qaz sobalarından istifadə etdikdə, tüstü bacaları nasaz vəziyyətdə olduqda, otaqda kifayət qədər oksigen olmadıqda dəm qazı riski yaranır. Qazın yanması üçün kifayət qədər oksigen lazım olur. Buna görə də qaz sisteminin olduğu yerdə havalandırmanın quraşdırılması əsas şərtdir". 

Statistikaya baxsaq görərik ki, dəm qazından zəhərlənmə hadisələri daha çox qaz cihazının hamam otağında olan evlərdə baş verir. Əfsuslar olsun ki, hər il davamlı olaraq dəm qazından boğulma hadisələri baş verməkdədir. Sözügedən hadisələrin baş verməməsi üçün ən vacib məqamlardan biri də tüstü bacalarının təmizlənməsidir.


Havar Şəfiyeva

Избранный
58
yeniazerbaycan.com

1Источники