RU

YAP milli mənafeyə xidmət edən ümumxalq partiyasıdır

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası milli mənafeyə xidmət edən, daim öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən, ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya yoxdur.

Cənubi Qafqazın ən güclü siyasi qüvvəsi olan, öz sıralarında 800 minə yaxın məsləkdaşı birləşdirən Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçmişdir.
Yeni Azərbaycan Partiyası, tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə, Azərbaycan ziyalılarının təşəbbüsü ilə tarixi zərurətdən yarandı.
Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş Respublikalardan biri kimi Azərbaycanda da, müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başladı. 1990-cı ilin əvvəlində bir sıra təşkilatlar və siyasi partiyalar yarandı ki, həmin partiyalar da ölkəni düşdüyü ağır iqtisadi, siyasi və mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr Respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi.
Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu, Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda, xalqın gələcək taleyini düşünən 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütöv bir xalqın arzu və istəklərinin ifadəsi idi.
Ulu Öndər Heydər Əliyev xalqın tələbini əks etdirən müraciəti səmimi qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması səbəbindən, partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular.
Azərbaycanın bütün regionlarından seçilmiş ziyalılarının təmsil olunduğu konfrans, məhz 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirildi. Təsis konfransı, Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, Müstəqil Azərbaycanda öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın gələcək həyatında mühüm rola malik olan Yeni Azərbaycan Partiyası yarandı.
Qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası, fəaliyyəti dövründə daim inkişaf etmiş, xalqın taleyində mühüm rol oynayan bütün siyasi kompaniyalarda iştirak etməklə, bir tərəfdən seçki təcrübəsi toplamış, siyasi nüfuz etmə qaydalarını təkmilləşdirmiş, digər tərəfdən, təşkilatlanma, ideya siyasi və təbliğat işinin yeni üsullarını işləmiş və tətbiq etmişdir. Bu işlər bu gün də, daim yeniləşmə prinsipi əsasında davam etdirilir.
Təsadüfi deyil ki, yarandığı gündən bu günədək keçirilən bütün seçkilərin qalibi məhz Yeni Azərbaycan Partiyası olmuşdur. Bu qələbələr Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın daim bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir.
Bu gün Partiyamızın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə, ölkədə milli birlik yaratmışdır. Milli həmrəylik, dövlət siyasətinin strateji prioriteti kimi yeni inkişaf mərhələsinin təcəssümünə çevrilmişdir. Bu monolit birlik 2024 cü ilin 7 fevral tarixində keçirilən növbədənkənar Prezident seçkilərində özünü bir daha açıq şəkildə göstərdi. Xalq bir yumruq kimi birləşərək mütəşəkkillik nümayiş etdirdi və Qalib Xalqın Qalib Lideri cənab İlham Əliyevi yenidən Prezident seçdi və ölkəmizin gələcək inkişafına təminat verdi.
Son 32 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması, Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilməlidir. Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, daim xalqımızın arzularının təcəssümü və yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.
Xüsusilə, cənab İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin edib.
Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardı. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə torpaqlarımızı işğaldan azad etdi, Azərbaycanın inkişafı üçün geniş imkanlar yaratdı, ölkəni inkişafdan-tərəqqiyə, tərəqqidən-zəfərə çatdırdı. Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir, soydaşlarımızın öz ata-baba torpaqlarına Böyük Qayıdışı təmin olunur.
Yeni Azərbaycan Partiyasının VII Qurultayı isə partiyamızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. VII qurultayda partiyamızın sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaratmışdır.
Bu gün Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Azərbaycanın tərəqqisi dünyanın hər bir güşəsindən açıq-aydın görünür. Bu həqiqətin əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir.
Nəticə etibarı ilə ölkədə dərin iqtisadi islahatlar aparılır, ixracı stimullaşdırmaq və idxaldan asılılığı azaltmaq üçün lazımi tədbirlər görülür, qeyri neft sektorunun inkişafı üçün gözəl perspektivlər açılır.
Əhalinin məşğulluğunun təmin olunması istiqamətində ciddi addımlar atılır və sosial siyasət həmişə prioritet olaraq qalır. Həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Bu gün Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə alternativ yoxdur. Bu məqsədyönlü siyasət beynəlxalq aləmdə layiqincə qiymətləndirilir və Azərbaycan xalqı tərəfindən yüksək dəstəklənərək, ölkəmizi demokratiya yolu ilə inamla irəliyə aparır.
Bütün bunlar deməyə əsas verir ki, Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının ölkənin aparıcı siyasi qüvvəsi kimi, milli mənafeləri istənilən platformada müdafiə və təmin etməyə yetərli ictimai dəstəyi var və zaman ötdükcə, bu qarşılıqlı dəstək daha da güclənəcək.

Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri

Избранный
31
50
sesqazeti.az

10Источники