RU

Dəyişən yeni DÜNYA NİZAMI: “Təhdidlərə hazır olmalıyıq”

“Azərbaycan üçün hərbi baxımdan hazırlıq həmişəkindən daha öncəlik təşkil etməlidir”.

Bu fikri dünyada baş verən proseslər və böhranın dərinləşməsini Yenicag.az-a dəyərləndirən politoloq Nəsimi Məmmədli deyib.

O, bildirib ki, hazırda hərbi güc diplomatiyanın və beynəlxalq hüququn üzərinə çıxıb:

“İrimiqyaslı müharibələr beynəlxalq münasibətlərdə yaranmış böhranla bağlıdır. Böhran hələ dərinləşməyə doğru gedir. Hazırkı beynəlxalq nizam dünyadakı hərbi-siyasi, iqtisadi, ekoloji problemləri diplomatik vasitələrlə həll etməyə qadir deyil. Odur ki, münasibətlərin aydınlaşması artıq masadan sahəyə keçib. Başqa sözlə, hərbi güc diplomatiyanın və beynəlxalq hüququn üzərinə çıxıb”.

“BMT-nin beş daimi üzvü üstün hərbi-siyasi mövqeyini saxlamağa çalışsa da, öz aralarında konsensus yoxdur. Əksinə, qarşılıqlı müharibə ritorikası hakimdir. Yeni dünya nizamının yeni formatını hələ heç kim təklif etməyib. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan “dünya beşdən böyükdür” desə də, konkret format dilə gətirməyib”, – deyə o, əlavə edib.

Analitik onu da söyləyib ki, qlobal güclərin bir qrupu strateji sabitliyə qarantiyanı demokratiya və insan haqlarına əməl olunmasında görür:

“Digər bir qrup isə əllərindəki nüvə silahını strateji sabitliyin əsas qarantiyası hesab edir. Dünya olduqca, mürəkkəb və ziddiyyətli bir mərhələyə qədəm qoyub. Müharibələrin tezliklə yekunlaşması real görünmür. Ölkəmiz yeni təhdidlərə, müasir çağırışlara hazırlıqlı olmalıdır. Xüsusilə də hərbi baxımdan hazırlıq həmişəkindən daha öncəlik təşkil etməlidir”.

Səxavət Məmməd

Избранный
24
yenicag.az

1Источники