RU

Vergi Məcəlləsinə dəyişikliklər ediləcək



Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib.
İclası açan komitənin sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə birinci oxunuşda olan 4 qanun layihəsi daxildir. Gündəlikdəki birinci məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında birinci oxunuşda olan qanun layihəsidir. O, qeyd edib ki, bu dəyişikliklər vergilərdə güzəştlərlə bağlıdır. Komitə sədri qanun layihəsi barədə fikirlərini bildirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə söz verib.
Xidmət rəisi son illərdə vergi qanunvericiliyində və vergi inzibatçılığında aparılmış dəyişikliklərdən danışıb. Bildirib ki, bu gün təklif olunan dəyişikliklər də biznesin və investisiya fəallığının dəstəklənməsinə yönəlmiş bir layihə paketidir. Bu dəyişikliklər vergi qanunvericiliyində investisiya cəlbediciliyinin artırılmasına yönəlib. Xidmət rəisi təklif olunan dəyişikliklərin istiqamətləri barədə danışaraq, qeyd edib ki, bu, özəl sektorda çalışan bir çox sahibkarlar üçün vacib və gözlənilən dəyişikliklərdir.
Sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov slaydlar əsasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketi barədə ətraflı məlumat verib.
Layihənin əhatə dairəsi barədə danışan Baş idarə rəisi bildirib ki, 5 istiqamət üzrə 37 əsas maddədə və 75 alt maddədə dəyişiklik nəzərdə tutulur. Bunlar investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkimilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması və uyğunlaşdırma xarakterli dəyişikliklərdir. Dəyişikliklərin yaşıl iqtisadiyyat, tibbi turizm, avtomobil sənayesi və gəmiqayırma, ticarət şəbəkələri və bazarlar, mədəniyyət sektoru və dövlət-özəl tərəfdaşlığı sahələrində tətbiqi nəzərdə tutulur. Layihənin qəbulunda dövlət-özəl tərəfdaşlığı çərçivəsində iri investisiyaların cəlb edilməsi, yaşıl iqtisadiyyatın dəstəklənməsi, o cümlədən ənənəvi nəqliyyat vasitələrindən ekoloji təmiz nəqliyyat vasitələrinə keçidin davam etdirilməsi, uçotsuz və qanunsuz sahibkarlığın dairəsinin məhdudlaşdırılması, bazarlar üzərində vergi uçot nəzarətinin təmin edilməsi, xidmət sahələri üzrə mikro sahibkarların vergi yükünün optimallaşdırılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması, mədəniyyət sektoru, o cümlədən kino və teatr sahəsində inkişafın dəstəklənməsi və gəlirliliyin artırılması kimi nəticələr hədəflənib.
Sonra Baş idarə rəisi sadalanan sahələrin hər biri üzrə ayrı-ayrılıqda nəzərdə tutulan dəyişiklikləri diqqətə çatdırıb.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputatlar Vüqar Bayramov, Ziyad Səmədzadə, Əli Məsimli, Tahir Mirkişili, Müşfiq Cəfərov və Rövşən Muradov dəyişikliklərin ölkəmizdəki fiskal siyasətin mahiyyətinə uyğun olduğunu, Azərbaycanın iqtisadi təhlükəsizliyi üçün bir sıra məsələləri əhatə etdiyini diqqətə çatdırıblar, qeyd və təkliflərini səsləndiriblər.
İclasda çıxış edən Maliyyə Nazirliyinin şöbə müdiri Fikrət Şirinov Vergi Məcəlləsinə bu dəyişikliklərdə nəzərdə tutulan güzəştlərin Dövlət büdcəsinə təsiri barədə məlumat verib.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deputatların səsləndirdikləri məsələlərə münasibət bildirdikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, gündəliyin növbəti məsələləri birinci oxunuşda olan 3 qanun layihəsidir.
Bunlar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə, “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələridir. Bildirilib ki, bu qanun layihələrinə təklif olunan dəyişikliklər texniki, uyğunlaşdırma və təşviqetmə məqsədi daşıyır.
Sonra hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda Milli Məclisin deputatları Məşhur Məmmədov, Heydər Əsədov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva, Xidmətin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Избранный
46
newscenter.az

1Источники