RU

Azərbaycan COP29-da beynəlxalq maliyyə əməkdaşlığına yeni istiqamətlər açır...

Image

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində Azərbaycana gələn çoxsaylı qonaqlar, aparılan müzakirələr, əldə olunan razılaşmalar ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına yeni mühüm töhfə hesab olunur.  

Belə bir mötəbər, qlobal əhəmiyyətli tədbirin Bakıda keçirilməsi beynəlxalq aləmdə Azərbaycana hörmətin də ifadəsidir.faktdır ki, qlobal və regional əməkdaşlıq prosesləri yeni səviyyəyə yüksəlib. Burada öz yerini tuta bilmək xüsusi çeviklik və məqsədyönlü siyasət yürüdülməsini tələb edir. Azərbaycan bu istiqamətdə uğur nümunəsi yarada bilib və ölkəmizin ev sahibliyi etdiyi COP29 bunun konkret göstəricilərindən biridir.

COP29-da irəli sürülən təşəbbüslər planetar miqyasına görə dünyada xüsusi maraq doğurur

COP29-da qeydə alınanlar bu tədbirin həm də qarşılıqlı bağlılığın və əməkdaşlığın dostluq,  strateji tərəfdaşlıq və qarşılıqlı etimad ruhunda inkişafı üçün mühüm platforma kimi çıxış etdiyini göstərir. Qeyd edək ki, COP29-da iştirak etmək üçün 196 ölkədən təxminən 76 min iştirakçı qeydiyyatdan keçib.  Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər də yer alıb.  O da xüsusi vurğulanmalıdır ki, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi beynəlxalq arenada Azərbaycanın oynadığı fəal rolun dəyərləndirilməsidir. 

O da xüsusi vurğulanmalıdır ki, hazırda öz işini uğurla davam etdirən COP29 yeni əlaqələrin qurulmasında, yeni körpülərin salınmasında əhəmiyyətli rol oynayacaq. Elə prezident İlham Əliyevin COP29 çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin say tərkibinə, müzakirə olunan məsələlərin əhatə dairəsinə diqqət olunsa, Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini, söz sahibliyini aydın şəkildə görmək olar.  O da məlum həqiqətdir ki, Azərbaycan regionda nəqliyyat və ticarət yolları üçün təbii mərkəzdir. İstər qədim zamanlarda Böyük İpək Yolu dövründə, istərsə də indi Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağıdır. Dəmir yolu və yol infrastrukturunun inkişafı, yeni logistik mərkəzlərin tikintisi və mövcud marşrutların modernləşdirilməsi ölkənin tranzit potensialını xeyli artırır. Konkret ölkələrlə və regionlarla energetika sektorunda və  digər istiqamətlərdə əməkdaşlıq fəal şəkildə inkişaf edir ki, bu da iqtisadi əlaqələri gücləndirir və infrastruktur layihələrinin inkişafına imkan verir. Eyni zamanda, ölkəmizin strateji mövqeyi sənaye, nəqliyyat və energetika sahələrinin inkişafında maraqlı olan xarici investorları cəlb edir. Biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş islahatlar investisiyaların artmasına kömək edir. Azad iqtisadi zonaların təşkili, kiçik və orta sahibkarlığa dəstək iqtisadi fəallığı və iş yerlərinin yaradılmasını stimullaşdırır. Bütün bunlar COP29 çərçivəsində də xüsusi diqqət mərkəzində yer alır, Azərbaycanla münasibətlərin dərinləşdirilməsinə təkan verir. Bu tədbir çərçivəsində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər, təqdim edilən layihələr bilavasitə planetin sürətli şəkildə xilasına xidmət edir. Azərbaycanın bu fonda əsas məqsədlərindən biri COP29-da əldə edilmiş və ediləcək razılıqların ləngimədən icraya yönləndirilməsidir. Daha bir vacib nüans ondan ibarətdir ki, COP29-da irəli sürülən və iqlim böhranının çözümünə xidmət edən təşəbbüslər əhatəliliyinə, bəzən isə planetar miqyasına görə dünyada xüsusi maraq doğurur. Yaşıl enerji zonaları və dəhlizləri barədə COP29-un enerji təşəbbüsləri üzrə nazirlər görüşündə irəli sürülən təşəbbüslər buna əyani misal kimi göstərilə bilər.

Azərbaycan praqmatizmə və qarşılıqlı faydaya əsaslanan çoxvektorlu diplomatiya yürüdür

Məlumdur ki, davamlı enerji mənbələrinə keçid dövrümüzün ən mühüm problemlərindən biridir. İqlim dəyişikliyi, enerji təhlükəsizliyi və ətraf mühitin deqradasiyası ilə bağlı artan narahatlıqlarla hökumətlər, bizneslər və ətraf mühit təşkilatları yaşıl enerji həllərini təşviq etmək üçün innovativ yolları araşdırırlar. Qlobal miqyasda geniş vüsət alan belə yanaşmalardan biri də məhz yaşıl enerji zonalarının yaradılmasıdır. Bu, bərpa olunan enerji texnologiyalarının inkişafını və inteqrasiyasını təşviq etmək, ekoloji davamlılığı dəstəkləmək məqsədi daşıyır.

Eyni zamanda, sözügedən hal inteqrasiya proseslərinə də mühüm təkan verir, beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edir. Bunlar fonunda Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı fəaliyyəti konstruktiv və praqmatik xarici siyasət və qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Həmin ölkələrlə iqtisadi, siyasi və mədəni əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqelərinin inkişafında və möhkəmlənməsində mühüm rol oynayır. Müxtəlif sahələrdə birgə səylər ölkənin davamlı inkişafı və çiçəklənməsinə, eləcə də Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir. Azərbaycan praqmatizmə və qarşılıqlı faydaya əsaslanan çoxvektorlu diplomatiya vasitəsilə qlobal səhnədə öz yerini möhkəmləndirməyə çalışır. Ölkənin   xarici siyasətinin əsas məqsədlərindən biri xarici investisiya və texnologiya cəlb etməkdir. Çoxsaylı ölkələr bu prosesdə mühüm tərəfdaşa çevrilib. Belə qarşılıqlı fəaliyyət siyasi və iqtisadi əlaqələrin inkişafına, islahatlar və modernləşmə sahəsində dəstək əldə etməyə yönəlib. Ölkənin xarici siyasət fəaliyyəti daxili sabitliyin möhkəmlənməsinə kömək edir. Bu, hakimiyyətə etimadın artmasına, islahatların dəstəklənməsinə xidmət edir. Əlverişli sazişlərin imzalanması, investisiyaların cəlb edilməsi kimi xarici siyasət uğurları iqtisadiyyata, sosial sferaya müsbət təsir göstərir. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa və dialoqa hazır olan etibarlı və konstruktiv tərəfdaş kimi artıq özünü təsdiq edib və COP29 bu prosesə əlavə təkan verir. Nəzərə alınmalıdır ki, müasir dünyada mədəni-humanitar əlaqələr ölkələr, xalqlar və mədəniyyətlər arasında münasibətlərin formalaşmasında və inkişafında əsas rol oynayır. Bu əlaqələr qarşılıqlı anlaşma, hörmət və tolerantlığı təşviq edir, müxtəlif sahələrdə əməkdaşlığa və inkişafı təşviq edir. Humanitar əlaqələr qlobal təhsilin təmin edilməsində və həyat keyfiyyətinin yaxşılaşdırılmasında, alimlər, tədqiqatçılar və akademik qurumlar arasında elmi və mədəni mübadilənin təşviqində mühüm rol oynayır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Избранный
17
baki-xeber.com

1Источники