RU

Türkiyədən barışıq həmləsi: Rusiya dəstəklədi, İran mane oldu

İran və Suriya regional gərginlik və qlobal dəyişikliklər fonunda müttəfiqliyi gücləndirir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.

Suriya xarici işlər naziri Bəssam əs-Səbbaq bir neçə gün əvvəl Tehrana səfər edərək, iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. İran mediası görüşlə bağlı təfərrüatlı məlumat verməyib.

Nəşr Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi və Rusiyanın yaxınlarda Ukraynaya gözlənilən irimiqyaslı hücumunun Dəməşq və Tehranı narahat etdiyini bildirir:

“Rusiya Suriya rejiminin mühüm himayədarıdır. Bu yaxınlarda Suriya məsələsini müzakirə etmək üçün İran və Türkiyə ilə birlikdə Astanaya (Qazaxıstan) nümayəndə göndərib. Ötən bir il ərzində Ankara ilə Suriya rejiminin əlaqələri normallaşdıra biləcəyi barədə iddia dolaşdı. Bu, Moskvanı sevindirsə də, İranı o qədər də məmnun eləmədi”.

Tehran Dəməşq-Ankara barışığına mane olan əsas faktorlardan biri hesab olunur.

Həmçinin təhlildə vurğulanır ki, İran Tramp dönəmində maksimum təzyiq mərhələsinə hazırlaşır:

“İran başqa bir problemlə də üzləşib. Avropa İttifaqı və Böyük Britaniya Tehrana yeni sanksiyalar tətbiq edib. Eyni zamanda İran İsrailin bölgədəki mümkün addımlarından da narahat görünür.

İranın dövlət mediası bu yaxınlarda bildirib ki, İsrailin strateji işlər naziri Ron Dermer gizli səfəri zamanı BƏƏ xarici işlər naziri ilə görüşüb.

Əraqçi İranın müharibəyə hazırlığının sülhə gətirib çıxara biləcəyi iddiasını irəli sürüb. Bu qəribə şərh İranın İsrailə hücum təhdidindən necə geri çəkildiyini göstərir. O deyir ki, müharibəyə hazırlaşmaqla sülh əldə etmək olar. O, bu barədə SEPAH komandirləri ilə görüşdə danışıb”.

Həmçinin “Ynet”in xəbərinə görə, İsrail Suriyanın Livanla sərhədindən “Hizbullah”a silah axınının qarşısını almaq müqabilində Suriya Prezidenti Bəşər Əsədə qarşı bəzi ABŞ sanksiyalarının götürülməsini təklif edib: “Bu, potensial olaraq önəmli bir inkişafdır”.

Məqalədə qeyd olunur ki, İran və Suriya İsrail-Rusiya əlaqələrini yaxından izləyir: “Həmçinin onlar HƏMAS üzvlərinin Türkiyəyə köçdüyünü düşünürlər. Ola bilsin, Türkiyənin Vaşinqtonla bu inkişafdan necə istifadə edəcəyi ilə maraqlanırlar. Region açıq şəkildə oyundadır və İran Suriyadakı mövqeyinin möhkəmliyinə əmin olmaq istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
11
teleqraf.com

1Источники