RU

Qurbanovun 6 illik müqaviləsinin ləğv edildiyi gündən 6 il sonrakı 0:6

Söz vaxtına çəkər, düz 6 il əvvəl Millətlər Liqasının D liqasında yarışan millimiz qrup ikincisi olmağı bacarmışdı. Buna rəğmən, yığmamızın Kosovonu qabaqlaya və qrup birincisi ola bilməməsi əsas gətirilərək, baş məşqçi Qurban Qurbanovla yolların ayrılmasına qərar verilmişdi. Beləcə “Qarabağ”la böyük uğurlara imza atmış Qurbanovun millimizdəki fəaliyyəti 1 ildən bir qədər artıq, daha dəqiq desək, 400 gün çəkmişdi.

Halbuki 2017-ci ilin noyabrında AFFA onunla 6 illik müqavilə imzalamış və qurumun ovaxtkı prezidenti Rövnəq Abdullayev Qurbanovun təqdimat mərasimində yeni sistemin qurulacağını, milli komandanın əsas bazasının “Qarabağ” olacağını bildirmişdi. Lakin məlum işbazlar buna imkan verməyərək, ilk fürsətdəcə hocanın guya iki işi birlikdə çatdırmadığını, bu gedişlə “Qarabağ”ın nəticələrinin pisləşəcəyini bəhanə edərək göndərilməsinə nail oldular. Nəticədə məkrli planın qurbanı olan Qurban Qurbanovun yığma fəaliyyəti çox qısa çəkdi.

Üstündən 6 il keçib. Və dünən İsveç yığması bu müddətdə itirdiyimiz hər ilin şərəfinə millimizin qapısına 1 qol vurdu. Nəticədə 6 illik müqaviləsinə cəmi 1 ildən sonra xitam verilən Qurbanovun daha uğurlu olduğu yığmamız D liqasına, hazırda ən layiq olduğu yerə getdi. Demək ki, Qurbansız keçən 6 il utanmadan-qızarmadan, əbləhcəsinə qurban verildi.

Geridə qalan 6 ildə əvvəlcə Nikola Yurçeviçin, sonra Canni de Byazinin yaşlı vaxtında külli miqdarda pul qazanmasına şərait yaratdıq. Daha sonra isə növbə Fernandu Santuşa çatdı. Ancaq heç cür Millətlər Liqasında yer aldığımız qrupun birincisi olmağı bacarmadıq ki, bacarmadıq. Hətta de Byaziyə bunun üçün 2 dəfə şans yaratsaq da, italiyalı fürsətləri boşa verdi. Santuş isə bu turnirdə, ümumiyyətlə, fiasko yaşadı/yaşatdı.

De Byazi ilə hər iki halda əməkdaşlığın davam etdirilməsinə qərar verildi. İndi də Santuşa “gözün üstə qaşın var” deyən yoxdur. Nə var, nə var, portuqaliyalının müqaviləsinin müddəti bitməyib. Axı necə olur ki, sırf qrup birinciliyi əsas gətirilərək sözləşməsi olan Qurbanovla əməkdaşlığa son qoyulur, ancaq ondan sonra gələnlərə bunu bacarmadıqları üçün güldən ağır söz deyilmir?! Bəlkə bu 6 ildə dünya və ya Avropa çempionatının final mərhələsinə çıxdıq, xəbərimiz olmadı?! Bəlkə bu müddətdə yurçeviçlərin, de byazilərin, santuşların rəhbərlik etdiyi millimiz “Qarabağ”dan baxımlı oyun sərgilədi, xəbərimiz olmadı?!

Hazırkı AFFA rəhbərliyinin bütün günahı qurumun əvvəlki rəhbərliyinin üstünə atmaq imkanı var və yəqin ki, yenə bu yolla müdafiə olunacaqlar. Ancaq fakt budur ki, D liqasına eniş hazırkı AFFA rəhbərliyinin vaxtında yaşandı. Bu isə o deməkdir ki, sabiqlər kimi, indikilər də bu uğursuzluqda əsas pay sahibidirlər.

Azərbaycan millisinə legioner məşqçi lazım deyil! Bunu AFFA-dan başqa hamı başa düşür: sıravi vətəndaş da, azyaşlı futbol azarkeşi də. Əslində, AFFA da dərk edir, sadəcə, onlara böyük məvaciblər alan əcnəbi məşqçilərin gətirilməsi sərf edir. Yoxsa bilmirlər ki, Santuş yox, lap Qvardiola da gəlsin, bu futbolçu potensialı ilə heç kim dünya və ya Avropa çempionatının final mərhələsini görməz!

Santuşdansa, yığmanın baş məşqçi postunda azərbaycanlı mütəxəssis olmalıdır. Futbolumuza ən yaxşı bələd olan şəxs isə Qurban Qurbanovdur! Bu, aksiomdur. Ölkədə heç kim futbolu ondan yaxşı bilmir. Elə olmasaydı, “Qarabağ”la qazandığı uğurun heç olmasa 1/5-ni digər mütəxəssislər başqa klublarımızla qazanardılar.

Heç kim Qurbanovun əcnəbilərin hesabına nailiyyətlər əldə etdiyini önə çəkməsin. O biri məşqçilərin ixtiyarında da saysız-hesabsız legionerlər olub, bununla belə, Avropada davamlı uğurlu nəticələrə imza atmağı bacarmayıblar. İkincisi, Qurbanovlu “Qarabağ” Avropa Liqasında (keçmiş UEFA Kuboku) pley-offa qədər irəlilədiyi ilk illərdə komandada cəmi 1 legioner (Admir Teli) çıxış edirdi. Təbii ki, daha böyük uğurları daha keyfiyyətli futbolçularla qazanmaq mümkün oldu. Ancaq buna qədər qığılcım, işartı olmalı, komandanın doğru yolla addımladığı hiss edilməlidir. Hazırkı yığmanın doğru yolda olduğunu isə Santuşdan başqa heç kim hiss etmir.

6 il əvvəl Qurban Qurbanova “torba tikilməsəydi”, millimizin də nəticələrində irəliləyişə şahidlik edərdik. Heç kim demir ki, Qurbanov yığmanı böyük turnirlərin final mərhələsinə daşıyacaqdı. Ancaq hazırkı heyətlə ən azı Estoniyadan 6 xal alardıq, İsveçin önündə bu qədər aciz duruma düşməzdik.

Qurban Qurbanovun mütləq milli ilə bağı olmalıdır. Ya özü baş məşqçi postunda qərarlaşmalı, ya da yığmaya digər bacarıqlı yerli mütəxəssislərdən biri gətirilməli və Qurbanov ümumi işə nəzarət etməli, məsləhətlər verməlidir. Başqa cür nəyəsə ümid etmək olmaz.

Təbii ki, bunların heç biri olan deyil. AFFA Santuşla əməkdaşlığı davam etdirəcək. Millətlər Liqasının növbəti mövsümündə C liqasına qayıdışımız portuqaliyanın fövqəl uğuru kimi təqdim olunacaq, ardınca seçmə mərhələdə qapazaltı olacağımız üçün portuqaliyalı yola salınacaq, yerinə bu dəfə yəqin ki, yaşlı ispan gətiriləcək və beləcə növbəti illər də qurban veriləcək…

FƏRİD

Избранный
11
futbolinfo.az

1Источники