RU

Aİ-95-in qiyməti tənzimlənsə: 'Əvvəl dizelin… qiymətini qaldıracaqlar'

Azərbaycanda Aİ-95 benzininin qiymətini dövlətin tənzimləyəcəyi gözlənir. Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin noyabrın 19-da keçirilən iclasında "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsində Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov deyib. Onun sözlərinə görə, yaxınlarda Aİ-95 dövlət tərəfindən qiymətləri tənzimlənən mallar və xidmətlərin siyahısına salına bilər.

Qiymətə gəlincə, nazir müavini bildirib ki, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, onun litri 1.60 AZN-ə satılır.

Son illər qiymətini Tarif Şurasının tənzimlədiyi Aİ-92 markalı benzin (o cümlədən dizel) ölkədə bahalaşdırılanda bu, dünya bazarlarında neftin qiymətinin yüksəlməsi ilə izah olunub, amma neftin qiymətləri düşəndə həmin növ benzin ucuzlaşmır.

Aİ-95 benzininin də qiymətini hökumət tənzimləsə, bahalaşma olacaqmı? Hələlik, bu suala hökumət rəsmilərindən dəqiq cavab almaq mümkün olmayıb. Üstəlik, bu növ benzinin istehsal həcmləri ilə bağlı da heç bir rəsmi məlumat verilməyib. Amma hələ iyulda Heydər Əliyev adına Neft Emalı Zavodunun rəsmiləri bildirmişdi ki, hazırda Aİ-95 bazardakı tələbatı tam olaraq ödəyir.

Ümumilikdə isə Azərbaycanda benzinin istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında ölkədə 1 milyon 201 min ton benzin istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azdır.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov da mövzu ilə bağlı "Turan"a bildirib ki, Azərbaycanda, hələlik, Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir: "Yalnız Aİ-92 markalı benzin və dizel yanacağı tənzimlənən qiymətlərə aiddir. O ki qaldı Aİ-95-ə, o, əvvəllər xaricdə istehsal olunurdu, indi isə məlumatım belədir ki, onun istehsalı bizim ölkədə də aparılır. Ona görə də onun qiyməti enib (bundan əvvəl 2 manat idi) və hazırda qiyməti 1 manat 60 qəpikdir. Amma onun qiyməti tənzimlənmir".

Deputat qeyd edib ki, gələcəkdə Azərbaycan Aİ-95-in istehsalını daim aparacaqsa, qiyməti tənzimlənə bilər: "Çünki Aİ-92 ekoloji cəhətdən zəifdir, nəinki Aİ-95. İndi elektrik avtomobillər gəlir, biz çalışırıq ki, karbon qazının atmosferə buraxılması azalsın. Ona görə də nazir müavininin dediyində həqiqət var, yəqin ki, onlar bu sahədə siyasət həyata keçirirlər".

İqtisadçı Zöhrab İsmayıl isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanda tənzimlənərkən benzinin qiymətləri heç vaxt düşmür və daim artırılır: "Baxmayaraq ki, bəzən neftin qiyməti 38-40 dollara düşmüşdü. Bu, ölkədəki ümumi iqtisadi böhranla bağlıdır. Yəni, daim qiymətləri artırmaq lazımdır ki, sonucda bir inkişaf rəqəmi çıxsın, ümumi daxili məhsulda (ÜDM) bir artım olsun, büdcə dolsun".

Ekspertin sözlərinə görə, indiki durumda qiymət artımı qaçılmazdır: "Çünki mövcud böhranı yalnız neftdən gələn gəlirlər örtür".

Z.İsmayılın fikrincə, Aİ-95-in qiyməti Azərbaycana görə indi də yüksəkdir: "Amma necə ki, ildə bütün yanacağın qiymətləri 10-20 faiz qaldırılır, təbii ki, bu markalı benzinin də qiyməti qaldırılacaq. Düşünürəm ki, bir azdan benzin növləri arasında qiymət fərqinin çox olduğunu deyəcəklər. Əvvəl dizelin (1 manat) və Aİ-92-in qiymətini (1.1 manat) Aİ-95 markalı benzinin qiymətinə (1.60 manat) yaxınlaşdıracaqlar. Sonra deyəcəklər ki, onun da qiymətini artırmaq lazımdır".

İqtisadçı hesab edir ki, Aİ-95 benzininin qiymətinin qaldırılması üçün heç bir əsas yoxdur: "Neft istehsal edən ölkə üçün indiki qiymət aşağı qiymət deyil».

Избранный
40
1
turan.az

2Источники