RU

BMT KTMT ilə bağlı qətnamə qəbul etdi və Paşinyanı vurdu...

Image

BMT Baş Assambleyasının 79-cu sessiyası zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlığa dair qətnamə qəbul edilib. Bu barədə çərşənbə axşamı KTMT-nin mətbuat xidməti məlumat yayıb.

Sənəddə KTMT-nin sülhməramlı potensialının regional təhlükəsizlik və sabitlik sisteminin gücləndirilməsinə, terrorizmə və mütəşəkkil transmilli cinayətkarlığa qarşı mübarizəyə, narkotik vasitələrin, silahların qanunsuz dövriyyəsinə və digər bu kimi neqativ hallara qarşi mübarizəyə mühüm əməli töhfə verdiyi bildirilir.

Bundan əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, “KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bildirib ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün risqləri hesablayır.

Bu, Ermənistan üçün belə bir şəraitdə surpiriz oldu. Ermənistən bu məsələyə necə reaksiya verəcək?

Azər Həsrət: "Ermənistanın yanaşmasını və BMT-nin qəbul etdiyi bu sənədi bir-biri ilə tutuşduranda, əlbəttə, rəsmi İrəvan çətin duruma düşəcək"

Sualımıza cavabında siyasi şərhçi Azər Həsrət bildirdi ki, əslində BMT-nin KTMT ilə iş birliyinə önəm verməsi təəccüblü bir yanaşmadır: "BMT-nin bu addımı altında nəsə yatır, əslində onu araşdırmaq gərəkir.  Çunki bəlli olduğu kimi, KTMT Varşava müqaviləsi hərbi bloku dağıldıqdan sonra boş qalan yeri doldurmaq üçün zəif bir çəhd idi.

Hamıya bəllidir ki, KTMT Rusiyanın öndərliyində yaradılmış bir hərbi ittifaqdır. Belə bir hərbi blokun fəaliyyəti dünyanın digər ölkələri tərəfindən müsbət qarşılanmır. Ümumiyyətlə,  dünyanin lider dövlətləri onu çox vaxt "yox" sayırlar. Çunki fəaliyyəti səmərəli deyil. Ən azı biz bu bölgədə yaşayırıq, amma KTMT-nin ciddi uğur əldə etməsinin şahidi olmamışıq. Düzdür, Qazaxıstana bir giriş oldu, orada proseslərə müəyyən qədər müdaxilə etmək istədilər və tez də çıxmalı oldular. Bundan başqa ciddi bir fəaliyyəti hiss edilmir.

Bu blokun başında duran Rusiya isə Ukrayna torpaqlarını işğal edib, müharibə aparır, Ukrayna xalqına zülm edir. Yəni bu blokun müsbət tərəflərini görməkdə çətinlik çəkirik. Amma Ermənistanın yanaşması və BMT-nin qəbul etdiyi bu sənədi bir-biri ilə tutuşduranda, əlbəttə, rəsmi İrəvan çətin duruma düşəcək. Lakin buna qarşı heç bir reaksiya verməyəcək. Çünki başqa çıxış yolu yoxdur. Ermənistan, bir qayda olaraq, Qərbə meyllənir, onun dediyi ilə oturub-durur. Bu da Rusiyanın xoşuna gəlmir. Yəni Ermənistan özünü Rusiyaya qarşı qoyub və belə bir şəraitdə BMT-nin qəbul etdiyi sənəd Ermənistanı çətin vəziyyətə sala bilər. Ancaq bu durum Ermənistana nə qədər təsir edə bilər, düşünürəm ki, elə ciddi bir təsiri olmayacaq. Ona görə ki, bu bir BMT təşəbbüsüdür. BMT-nin təşəbbüsləri də adətən kağız üzərində qalır, ciddi bir nəticələrə səbəb olmur. Yəni biz - Azərbaycan BMT-nin dörd qətnaməsinin on illərlə yerinə yetrilmədiyinin şahidi olmuş bir millətik. Torpaqlarımızı Ermənistan işğal etdi, BMT işğalçı Ermənistanın bu torpaqlardan çıxması barədə dörd qətnamə qəbul etdi, amma bu qətnamələrin tələbləri yerinə yetirilmədi. Bu baxımdan əslində BMT "dişsiz" bir quruma çevrilib. Düzdur, muəyyən məsələlərdə rolu və yeri var, lakin icraedici gücü yetərincə deyil. Ona görə də, BMT tərəfindən bu cür qətnamələr qəbul edilsə belə, onlara uyğun davranışlar tələb etmək imkanları elə də çox deyil.

Digər tərəfdən, bu sənəd nə Ermənistanı, nə də digər dövləti bağlayan bir sənəddir. Yəni BMT sadalanan məsələlər üzrə KTMT ilə iş birliyini faydalı sayır, blokun bu istiqamətlərdə fəaliyyətini təqdir edir. O baxımdan bu qətnamə Ermənistan üçün elə də başağrısına səbəb olmayacaq. Sadəcə olaraq, Qərbə meyl edən Ermənistan bir qədər gözlənilməz durumla qarşılaşdı deyə bilərik. Yəni Qərb KTMT-ni rədd edir, çox vaxt onu "yox" sayır, belə bir şəraitdə Ermənistan da onu "yox" saymışdı. Amma bu mərhələdə dünyanın dövlətlərarası ali qurumu olan BMT onun fəaliyyətini təqdir edən, onunla müəyyən istiqamətlərdə iş birliyi qurmaq barədə qətnamə qəbul etdi. Hər halda, Ermənistan bir qədər çaşqın duruma düşə bilər".

Dəniz NƏSİRLİ





Избранный
34
baki-xeber.com

1Источники