RU

Milli Kitabxana beynəlxalq konfransda ölkəmizi təmsil edib

Noyabrın 20-də Rusiya Milli Kitabxanasının təşkilatçılığı ilə “Birlik dövlətləri üçün peşəkar kadrların hazırlanmasında MDB ölkələri milli kitabxanalarının rolu” adlı onlayn beynəlxalq konfrans keçirilib. Azərbaycan Milli Kitabxanası konfransda ölkəmizi təmsil edib.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, konfransa milli, dövlət və digər aparıcı kitabxanaların rəhbərləri, həmçinin Rusiya tədris və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, Rusiya Milli Kitabxanasının baş direktoru Denis Tsipkin, Rusiya Dövlət Kitabxanasının baş direktoru, Rusiya Milli Assosiasiyalarının prezidenti, Avrasiya Kitabxana Assambleyasının prezidenti Vadim Duda, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtjamal Ospanova, Belarus Milli Kitabxanasının baş direktorunun müavini, elm və informasiya texnologiyaları üzrə direktoru Aleksandr Babuk, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının elmi-metodiki xidmətinin direktoru Saodat Kamilova və başqaları qatılıblar.

Konfransda Milli Kitabxananın direktoru professor Kərim Tahirov “Kitabxanaçı kadrların hazırlanmasında Azərbaycan Milli Kitabxanasının rolu” mövzusunda məruzə və təqdimatla çıxış edib.

Direktor çıxışında müasir dövrün tələblərinə, informasiya əsrinin çağırışlarına uyğun yüksəkixtisaslı kadr hazırlığını həyata keçirmək üçün metodik mərkəz olan Azərbaycan Milli Kitabxanasının professional kitabxana təhsili verən tədris ocaqları ilə ölkənin aparıcı kitabxanalarının sıx əlaqəsindən, Bakı Dövlət Universitetində “Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyası”nın açılışından danışıb. Eyni zamanda, Azərbaycan Milli Kitabxanası ilə Bakı Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalamasından, bir il ərzində Bakıda və yerlərdə KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin Mədəniyyət Nazirliyinin şəbəkəsinə daxil olan kitabxanalarda tətbiqi ilə əlaqədar zona treninqlərinin, kitabxanalarda onlayn xidmətlərin tətbiqinin təkmilləşdirilməsi məsələlərinə dair mövzular üzrə treninqlərin keçirilməsindən ətraflı bəhs edib.

Qeyd edək ki, beynəlxalq konfransda B.N.Yeltsin adına Prezident Kitabxanasının, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarus milli kitabxanalarının kadr potensialı və s. kimi məsələlərlə bağlı məruzə, təqdimat və müzakirələr dinlənilib.

Избранный
15
yeniazerbaycan.com

1Источники