RU

Andreas Kristensen əməliyyət olundu

İspaniyanın “Barselona” klubunun mərkəz müdafiəçisi Andreas Kristensen təxminən üç aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.

Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.

Xəbərdə Kristensenim əməliyyət olunduğu vurğulanır. 28 yaşlı danimarkalı müdafiəçi hər iki ayağının vətərlərindən əməliyyata məruz qalıb. Onun yaşıl meydanlara gələn ilin fevral ayında qayıdışı gözlənilir.

Xatırladaq ki, 28 yaşlı oyunçu zədə səbəbindən bu mövsüm komandasına kömək edə bilmir. O, cari mövsümdə kataloniyalıların heyətində yalnız La Liqada “Valensiya”ya qarşı keçirilən matçda iştirak edib.

Andreas Kristensen İngiltərənin “Çelsi” klubunun yetirməsidir. O, peşəkar karyerasına da 2014-cü ildə məhz London klubunda başlayıb. Danimarkalı futbolçu 2015-2017-ci illər aralığında Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasında icarədə də oynayıb (82 oyun, 7 qol, 1 assist). Mərkəz müdafiəçisi “Çelsi”nin əsas komandasında keçirdiyi 6 mövsüm ərzində 161 matça çıxıb. O, bu görüşlərdə 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Kristensen “Barselona”ya 2022-ci ilin iyul ayında azad agent kimi cəlb olunub. 28 yaşlı mərkəz müdafiəçisi bu komandada 75 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa qədərdir.

Danimarkalı futbolçu 2015-ci ilin iyun ayından ölkəsinin milli komandasında forma geyinir. O, Danimarka yığmasının heyətində meydana çıxdığı 74 oyunda 3 qola imza atıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Избранный
18
arena.az

1Источники