RU

Britaniya müdafiə naziri 6 köhnə layihəni ləğv etdi

İngiltərənin müdafiə naziri Con Healey ölkənin müdafiə büdcəsindən 500 milyon funt-sterlinqə qənaət etmək üçün 6 köhnə layihəni ləğv etdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu çərçivədə Kral Donanmasına aid iki amfibiya hücum gəmisi, bir freqat, 31 helikopter və pilotsuz uçuş aparatı (PUA) inventardan çıxarılacaq.

Healey Parlamentdəki çıxışında ləğv edilən layihələrin köhnə texnologiyaya əsaslandığını və yüksək texniki xidmət xərclərinə malik olduğunu bildirib: "Uzun illər ərzində əsgər və matroslarımız köhnəlmiş texnika ilə fəaliyyət göstərməli olub. Biz bu özülü təmir etməyə başlamışıq".

Ləğv edilən layihələr arasında “HMS Bulwark” və “HMS Albion” amfibiya hücum gəmiləri də var. Healey bildirib ki, bu gəmilərin saxlanması hər il 9 milyon funt-sterlinqə başa gəlir, lakin onlar aktiv əməliyyat vəzifələrində istifadə edilmir.

Bundan əlavə, “HMS Northumberland” freqatı və iki yanacaq tankeri iqtisadi ömrünü başa vurduqları üçün inventardan çıxarılacaq.

Müdafiə Nazirliyi 14 “Chinook” və 17 “Puma” helikopterlərinin təqaüdə çıxarılacağını açıqlayıb.

Yeni helikopter proqramlarının işə düşməsinin bir neçə il çəkəcəyi bildirilir. Bundan əlavə, texniki problemi olan “Watchkeeper MK1” PUA-ları da inventardan çıxarılacaq.

Healey bildirib ki, ixtisarlara baxmayaraq, ordu personalının motivasiyasını artırmaq üçün yeni təşviqlər təklif olunacaq. 2024-cü ilin aprel ayından etibarən əlavə üç il xidmətə davam edən təyyarə mühəndislərinə 30 min funt sterlinq ödəniş ediləcəyi açıqlanıb. Eynilə, quru qoşunlarında dörd il xidmət edən əsgərlər üçün 8000 funt sterlinqlik ödəniş planı tətbiq ediləcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
17
2
ikisahil.az

3Источники