RU

Ağdamın aydın səmalı günləri

Son illər paytaxt Bakıda, eləcə də regionlarda əhalinin keyfiyyətli içməli su ilə təminatı, suvarma sistemlərinin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Ağdam rayonunda da su təsərrüfatının normal fəaliyyətinin təmin edilməsi, rayon ərazisində suya qənaət mühitinin formalaşdırılması xüsusilə diqqətdə saxlanılır.

Bu günlərdə Quzanlı qəsəbəsinə səfərimiz zamanı Ağdamda sakinlərin içməli su ilə təminatı və iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən rayonun suvarma sahəsindəki vəziyyətlə maraqlandıq. İlk olaraq Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin qızğın iş gedən təmir sexi ilə tanış olduq. Burada çalışan mütəxəssislər subartezian quyularının motorlarının və digər avadanlıqlarının təmiri ilə məşğul idilər.

İdarənin rəisi Hafiz Əzimzadədən öyrəndik ki, rəhbərlik etdiyi qurum 36 min 10 hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması ilə yanaşı, 82 min 334 nəfər rayon sakinini içməli və məişət suyu ilə təmin edir.

Bu işlərin görülməsi idarənin balansında olan 999 subartezian quyusu, 11 kəhriz, 4 suyığıcı göl, 4 nasos stansiyası, 365 kilometr uzunluğunda suvarma kanalları və 236 hidrotexniki qurğu vasitəsilə həyata keçirilir.

Cari ilin ilk 3 rübündə subartezian quyuları və kəhrizlər vasitəsilə yerin təkindən 240 milyon 312 min kubmetr su çıxarılıb və 128 min 504 hektar sahə orta hesabla 3,6 dəfə suvarılıb.

H.Əzimzadə təmir edilən və yeni qazılan quyular barədə də məlumat verdi:

– Bildiyiniz kimi, Ağdam rayonunda təbii su mənbələri yoxdur, təminat ancaq subartezian quyuları və nasos stansiyaları vasitəsilə həyata keçirilir. Yəni su mexaniki üsulla çıxarılır. Ona görə də, quyuların daimi olaraq işlək vəziyyətdə saxlanılması əsas məqsədimizdir. Bu baxımdan fəaliyyətimizi elə qururuq ki, hər hansı problem yaranmasın.

Tədbirlər planına uyğun olaraq bu il ərzində 16 ədəd istismar müddəti keçmiş subartezian quyularında təmir və qazma işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Onlardan Quzanlı qəsəbəsində, Ergi, Xındırıstan, Eyvazlı, Qərvənd kəndlərində yerləşən 6 ədəd quyu artıq qazılıb, digərləri isə ilin sonunadək istismara tam hazır olacaq.

Bu da 1000 hektardan artıq əlavə əkin sahəsinin suvarılmasına imkan verəcək, həmçinin rayon əhalisinin içməli su təminatını daha da yaxşılaşdırılacaq.

Yeni artezian quyularının qazılması da hər zaman dövlətimizin diqqətindədir. Belə ki, Azərbaycan Prezidentinin Ağdamda 29 ədəd yeni artezian quyusunun qazılması ilə bağlı müvafiq sərəncamlarının icrası tərəfimizdən davam etdirilir. Artıq 7 ədəd quyu qazılaraq istifadəyə verilib, yerləri müəyyənləşdirilmiş daha 22 quyunun qazılması isə növbəti illərdə reallaşdırılacaq.

İdarə rəisi rayon ərazisində sudan səmərəli istifadənin hər zaman diqqətdə saxlanıldığını, bunun üçün əhali arasında mütəmadi olaraq maarifləndirici söhbətlərin aparıldığını da bildirdi:

– Təəssüf ki, hər il suyun yerin təkindən çıxarılması səviyyəsi daha da artır. Yəni, məsələn, 20 il əvvəl 40-50 metr dərinlikdən çıxan suyu indi 70-80 metr dərinlikdən çıxarırıq. Bəzi yerlərdə bu göstərici daha da çoxdur.

Fürsətdən istifadə edib Qərvənd kəndində artezian quyusunda aparılan təmirlə və Quzanlı qəsəbəsindəki yeni quyu ilə də tanış olduq. Quyuların yaxınlığında yaşayan sakinlər onların suyla təminatlarının yaxşılaşdırılması məqsədilə görülən işlərdən razılıq etdilər, dövlət başçısının hər zaman ağdamlılara diqqət və qayğı ilə yanaşdığını bildirdilər. Onu da öyrəndik ki, Quzanlıdakı həmin yeni quyu Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun xüsusi təşəbbüsü ilə qazılaraq istifadəyə verilib. Quyunun “qonşuluğunda” yaşayan Sənan Sarıyevin həyətinə baş çəkdik, borudan axan gur su ilə əl-üzümüzü yuduq. Ev sahibi həyətindəki yaşıllığın, bol meyvəli iri ağacların bu suyun hesabına var olduğunu, artezianın işə düşməsindən sonra sudan korluq çəkmədiklərini dedi.

Ağdamın inkişafını, ağdamlıların su kimi aydın günlərini görmək insanda qürur hissi yaradır. Beləcə, Quzanlıdan xoş təəssüratlarla, Ağdamın işğaldan azad edilmiş ərazilərində də həyatın gündən-günə canlanacağına, öz yurdlarına dönən ağdamlıların bərəkətli torpaqları əkib-becərəcəyinə, Qarabağın və Şərqi Zəngəzurun digər yaşayış məntəqlərində olduğu kimi, orada da su infrastrukturunun yenidən, özü də ən müasir formada yenidən qurulması prosesinin tezliklə tam yekunlaşacağına olan hədsiz inamla ayrıldıq. Təbii ki, yenidən qayıtmaq arzusu ilə...

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Избранный
16
xalqqazeti.az

1Источники