RU

Azərbaycanın iqlim liderliyi ölkənin beynəlxalq nüfuzunu nümayiş etdirir

Bütün postsovet məkanında ilk dəfə Azərbaycanın SOP29-a evsahibliyi etməsi ölkəmizin tarixi uğurlarından biri olmaqla, eyni zamanda, beynəlxalq aləmin bu mötəbər iqlim konfransının Bakıda keçirilməsinə qərar verməsi respublikamizın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir.

Belə bir qlobal tədbirə evsahibliyini məhz Azərbaycan dövlətinə etibar edilməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasından, eləcə də BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrliyi zamanı isə 120 ölkənin dəstəyini qazanmasından və etimadı tam doğrultmasından, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmasından, habelə dünya səviyyəsində dövlət başçısının yürütdüyü siyasətə göstərilən güclü dəstəkdən irəli gəlir.

Azərbaycanın COP29-a evsahibliyi etməsini bir sıra digər məqamlar da şərtləndirir. Bu, ilk növbədə, dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olması ilə bağlıdır. 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra Azərbaycanın dünyada daha güclü dövlət kimi tanınması da bu məsələdə önəmli rol oynayır. Azərbaycanın qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirməsi, respublikada müasir infrastrukturun mövcudluğu və təhlükəsizliyin ən yüksək səviyyədə təşkili də ölkəmizin COP29-a evsahibliyi etməsinə etimad göstərilməsini şərtləndirir.

Azərbaycan qısa müddətdə bu nüfuzlu konfransa ciddi hazırlaşıb, bu istiqamətdə beynəlxalq təşkilatlarla açıq və səmimi əlaqələrini daha da genişləndirib, öhdəliklərini, məsuliyyətlərini və qarşılaşdıqları çətinlikləri bölüşüb. Təbii ki, beynəlxalq ictimaiyyət də ölkəmizin belə bir taleyüklü məsələdə səmərəli fəaliyyətini dəstəkləyib, iqlim dəyişikliyi ilə mübarizəsini, maliyyə probleminin həllində rolunu yüksək dəyərləndirib.

Qeyd edim ki, bir çox mənfi amillər də hazırda dünyanın ekosisteminə ziyan vurur. Yaşadığımız elmi-texniki inqilab əsrində əhalinin sürətlə artması, yeni təbii ehtiyatların istifadəyə verilməsi, kənd təsərrüfatının sənayeləşdirilməsi, texniki tərəqqinin sürətləndirilməsi ətraf mühitə öz təsirini göstərir. Texniki tərəqqinin nailiyyətləri bir tərəfdən əhalinin təbiətdən asıllığını azaldırsa, təbii ehtiyatlardan səmərəli istifadəni asanlaşdırırsa, digər tərəfdən də bu nailiyyətlərdən düzgün istifadə olunmaması ekoloji tarazlığın pozulmasını şərtləndirir. Başqa sözlə, sənayeləşmənin sürətli inkişafı nəticəsində hava, dəniz, şirin su hövzələri çirklənir, meşələr məhv olur, torpaq örtüyü sıradan çıxır, nadir bitki və heyvan növlərinin sayı azalır.

Mütəxəssislərin fikrincə, qlobal istiləşməyə insanın istehsal və təsərrüfat fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazı və digər istixana effekti yaradan qazların miqdarının durmadan artması səbəb olub. Bu fikri bir qədər də konkretləşdirib deyə bilərəm ki, sənayeləşmə dövrünün başlanğıcından indiyədək yanacağa (neft, daş kömür, təbii qaz və s.) tələbatın durmadan yüksəlməsi ilə əlaqədar atmosferə atılan karbon qazının miqdarı kəskin artaraq son dövrlərdə ciddi təhlükəyə çevrilib.

Hazırda qarşıda duran əsas vəzifə qlobal istiləşməni məhdudlaşdırmaq üçün dünyanın enerji balansında alternativ enerjinin (külək, günəş və s.) xüsusi çəkisini kəskin artırmaqla, atmosferə atılan karbon qazı və digər istixana qazlarının miqdarının azaldılmasıdır. Qeyd edim ki, dünyada əhalinin sayının kəskin artması və qlobal ekoloji problemlərin çoxalması nəticəsində “yaşıl” enerjidən istifadəyə tələbat getdikcə yüksəlir. “Yaşıl” enerji istehsalı qlobal istiləşmənin məhdudlaşdırılmasının, ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsinin, həmçinin ekoloji çirklənmənin qarşısını alır.

Bütün bunlarla bərabər, ənənəvi enerjidən “yaşıl enerji”yə keçid bu sahədə yeni yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdırır, eyni zamanda, “yaşıl enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişafı şərtləndirir.

Azərbaycan ekologiyanın qorunması ilə əldə etdiyi uğurlarla dünya birliyinə mühüm töhfələr verir. Ölkədə yaşıllıqlar‚ flora və fauna ən yüksək səviyyədə qorunur, dövlət proqramı çərçivəsində hər il minlərlə ağac əkilir‚ yaşıllıq sahələri‚ meşə zolaqları salınır‚ çaylar və göllər tullantılardan təmizlənir. Bütün bunlar isə ekoloji tarazlığın qorunmasına, həmçinin beynəlxalq birliyin etibarlı tərəfdaşı kimi iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dəyərli töhfə verir.

Yeri gəlmişkən, Ermənistanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının 30 il ərzində ekoloji terrora məruz qayması faktına da toxunmaq istərdim. Belə ki, bu coğrafiyada düşmən əsl vandallıq aktları törədərək flora və faunaya ciddi zərər yetirməklə yanaşı, təbii sərvətlərimizə də ziyan vurub. Flora və faunanın ən qiymətli ağacları ilə zəngin olan Qarabağ meşələri qırılıb və xaricə daşınıb, quşlar, heyvanlar bu yerlərdən perik düşüb. Təbiətin müvazinəti, balansı itib. Torpaq erroziyaya uğrayıb.

44 gün davam edən Vətən müharibəsi və 24 saatlıq lokal antiterror əməliyyatları zamanı 30 ilə yaxın düşmən tapdağında qalan bu ərazilər indi rahat nəfəs alır. İşğaldan azad olunan torpaqlarda ekovəziyyəti yenidən bərpa etmək üçün mühüm layihələr həyata keçirilir. “Yaşıl enerji” zonası elan edilən Qarabağ və Şərqi Zəngəzur ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin törətdiyi vandalizmə və barbarlığa məruz qalmış zəngin meşələr bərpa edilir, yeni yaşıllıqlar və meşə zolaqları salınır‚ bitki örtüyü bərpa edilir‚ yaşayış sahələri 30 ilin tullantılarından təmizlənir‚ atmosferin çirklənməsinin qarşısı alınır.

Mirsamir MƏMMƏDOV,
İsrail Təhlükəsizlik Akademiyası Azərbaycan Regional Nümayəndəliyinin direktoru

Избранный
12
xalqqazeti.az

1Источники