RU

Komitə sədri pensiyalarda nə qədər artım olacağını açıqladı

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə iki komitənin birgə iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, əhaliyə ödənişlər üzrə xərclərin 7 milyard 210 milyon manatı əmək pensiyalarının, 198,4 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin payına düşür.:

"Əhaliyə ödənişlərin 2025-ci il üçün nəzərdə tutulmuş proqnozu 2024-cü ilin təsdiqlənmiş proqnozundan 702,4 milyon manat, yaxud 10,5% çoxdur. Əmək pensiyalarının orta aylıq məbləğinin  2024-cü ildə  494 manat təşkil edəcəyi gözlənilir, 2025-cü ildə isə 535 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki  527 manatdan 44 manat artaraq 571 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 48,8% və 49,5% olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək.

2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,41 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,83 milyon manat çoxdur. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdiriləcək xərclər 25 milyon manat, yaxud cari ildəkindən 2% çoxdur. Fikrimizcə, bu məbləğ postmüharibə dövrünün reallıqlarına uyğun deyildir və müraciət edən şəxslərin yalnız cüzi bir hissəsinin ehtiyacını ödəyə biləcək. Bildirmək istəyirəm ki, 2023-cü ilin avqust ayından etibarən ilin sonunadək müvafiq qanunvericiliyin tələbi olaraq, Fondun formalaşmış sərbəst vəsaitindən 1050.0 mln. manat, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində 425,0 mln. manat  investisiya fəaliyyətinə yönəldilmiş, cari ilin sonunadək daha 25,0 mln. manat məbləğində vəsaitin əlavə olaraq yönəldilməsi gözlənilir".

Anar Kəlbiyev

Избранный
12
50
unikal.az

10Источники