RU

Azərbaycanlı Rusiyada arvadı erməni olan kişini qətlə yetirib: “Bizi təhqir edirdi” — TƏFƏRRÜAT

Saatlı rayon sakini, 1986-cı il təvəllüdlü Elvin Abbasov Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində Dmitriy Şarovu illər əvvəl qətlə yetirib. 

Demokrat.az-
ın əldə etdiyi məlumata görə, 2015-ci ildə qətli törədən Elvin daha sonra Azərbaycana qayıdıb. Rusiya dövlətlər arası axtarışa verməsindən sonra Elvin 2023-cü ilin aprelin 28-də Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. 

Məlum olub ki, Elvin 4 oktyabr 2015-ci ildə, saat 01:50-dən 02:18-ə kimi olan vaxt ərzində tanışları ilə birgə Rusiya Federasiyası, Moskva vilayəti, Mıtişi şəhəri, Uqolnaya küçəsində yerləşən “Nebo” kafesində spirtli içki qəbul edib. 

Qeyd olunan vaxtda Rusiya Federasiyasının vətəndaşı 1975-ci il təvəllüdlü Dmitriyi ilə də həmin kafedə başqa masada oturaraq spirtli içki qəbul edib. Saat 01:40-da əvvəldən bir-birini tanımayan Dmitriy və Elvinin tanışı Elşad birlikdə kafedən çıxıb, kafenin qarşısında onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Dmitriy Şarov və Elşad bir-birlərinə yumruqla qarşılıqlı zərbələr vurduqdan sonra kafeyə qayıdıb. 

Elşad Dmitriy Şarovla aralarında baş vermiş dava haqqında Elvinə bildirib. Bundan sonra Elvin dostu Elşada qarşı qanunazidd hərəkətlərinə görə ondan qisas almaq üçün şəxsi qərəzlik zəminində Dmitriy Şarovu öldürmək qərarına gəlib. O, cinayətkar niyyətini reallaşdıraraq kafenin çıxışında Dmitriy Şarovla münaqişə etdikdən sonra həmin yerdə əlində olan bıçaqla onun  bədənin müxtəlif nahiyələrinə zərbələr vurub. Dmitriy aldığı zərbələrdən ölüb. 

Hadisəni törədən Elvinin barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, verilmiş mülki iddianı qəbul etməyib. O, ifadəsində göstərib ki, ailəlidir, himayəsində iki azyaşlı uşağı var, rəsmi olaraq heç bir yerdə işləməyib, fərdi əməklə məşğul olub: “Əvvəllər Rusiya Federasiyasının vətəndaşı olmuşam və uzun müddət Rusiya Federasiyası, Moskva vilayəti, Mıtişi şəhərində yaşamışam. 2003-cü ildə Rusiyadan Azərbaycana qayıtmışam. Valideynlərim  Azərbaycan Respublikasının vətəndaşları olduğundan sonradan mən də Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmişəm. Hal hazırda Azərbaycan Respublikasının vətəndaşıyam”. 

Elvin qeyd edib ki, 2005-ci ildə işləmək üçün Rusiyanın Mıtişi şəhərinə gedib, 2008-ci ildə orada narkotiklə bağlı üç il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib: “2011-ci ildə cəzamı qurtardıqdan sonra Azərbaycana qayıtdım. Əvvəllər Rusiyada yaşadığım vaxtlarda soyadım “Abbasov” olub. Sonradan Rusiyadan deport olduğum üçün soyadımı dəyişdirərək arvadımın soyadını - “Cəfərov” soyadını götürdüm. 2012-ci ildə işləmək üçün yenidən Rusiyanın Mıtişi şəhərinə gedərək orada yaşadım. Mıtişi şəhəri, Uqolnaya küçəsində yerləşən "Asfiş" topdan satış bazasında işləmişəm. İşlədiyim yerdə məndən başqa azərbaycanlılar və digər millətdən olan insanlar da işləyib. Onlardan bəziləri ilə tanış olmaqla münasibətim yaxşı olub, bəziləri ilə demək olar ki, münasibətim olmayıb.Dmitriyi də tanımışam, onunla eyni məhəllədə yaşamışam və münasibətlərim o qədər də yaxşı olmayıb. Aramızda yaranmış mübahisə zamanı Dmitriy Şarovu öldürməkdə özümü təqsirli bilirəm, hadisədən uzun müddət keçdiyindən hadisəni tam olaraq xatırlamıram. Həmin hadisə 2015-ci ilin oktyabr ayında baş verib”.

Elvin ifadəsində göstərib ki, baş vermiş hadisəni bağlı belə xatırlayıb: “3 oktyabr 2015-ci ildə əmək haqqımı almışdım. Saat 18 radələrində iş yoldaşlarım Elşad, Zamir, Aleksandr və Yunusla birlikdə istirahət etmək üçün iş yerimin yaxınlığında olan "Nebo" kafesinə getdim. Yemək-yeyib, araq içdik. Həmin vaxt kafedə Dmitriy Şarovun tanışları ilə başqa stolda oturaraq yeyib-içmələrini gördüm. Dediyim kimi Dmitriy Şarovla münasibətim yaxşı olmayıb. Buna səbəb isə Dmitriy Şarovun millətpərəst olmaqla Rusiyada yaşayan digər millətin nümayəndələrinə, o cümlədən azərbaycanlılara qarşı münasibəti yaxşı olmayıb. Həmin hadisədən bir ay əvvəl Dmitriy Şarov məni Azərbaycanlıların şəhərdən çıxması ilə bağlı hədələyib, aramızda mübahisələrimiz olmaqla əlbəyaxa olaraq dalaşmışıq. Dmitriyin arvadı erməni olduğu üçün də, onun azərbaycanlılara qarşı münasibəti çox aqressiv olub. Həmin gün, yəni hadisə baş verən gün  gecə saat 2 radələrində Elşad Musayev kafedən çölə çıxdı. Onun nəyə görə çölə çıxmasını bilmədim. Təxminən 10-15 dəqiqə üzü-gözü qan içində kafeyə daxil oldu. Bunu görərək ona yaxınlaşdım və nə baş verdiyini soruşdum. Elşad da kafenin çıxışında Dmitriy Şarovla mübahisə etdiyini və Dmitriyin onu vurduğunu bildirdi. Elşad bu barədə Aleksandra da dedi. Dmitriyin Elşadı döyülməsini eşidib bərk əsəbiləşdim. Bu hərəkətinə görə Dmitriy Şarovu döyərək cəzalandırmaq qərarına gəldim”. 

Elvin qeyd edib ki, həmin vaxt üzərində işdən balıq qutularını açmaq üçün istifadə etdiyi bıçaq olub, işdən çıxıb birbaşa kafeyə gəldiyindən həmin bıçaq cibində qalıb: “Həmin vaxt cibimdə olan bıçaqla Dmitriy Şarovu vurmaq fikrim olmadı. Sadəcə olaraq onu döyərək cəzalandırmaq istədim. Sonra mən, Elşad və Aleksandr kafenin çıxışına tərəf getdik. Qapını açaraq çölə çıxmaq istədim. Lakin Dmitriyi Şarovun yanında olan tanımadığım cavan oğlan qapını tutduğundan çölə çıxa bilmədik. Həmin vaxt kafenin qapısından arxa tərəfdə dayanmış Dmirtiy bizi görərək söyüş söydü, təhqir etməyə başladı. Bundan sonra biz birlikdə birtəhər qapını açaraq çölə çıxdıq. Kafenin qarşısında biz Dmirtiy ilə dalaşmağa başladıq. Dalaşma vaxtı bıçağı cibimdən çıxararaq əlimdə tutdumki, Dmirtiy Şarovu bıçaqla vurum. Lakin həmin vaxt onu bıçaqla vuraraq öldürmək fikrim olmadı. Məndə bıçaq olmasından Elşadın və Aleksandrın xəbəri olmayıb. Ortalıq çox qarışıq olduğundan əlimdə bıçaq olmasını onlar görməyib. Həmçinin Dmirtiy Şarovu bıçaqla vurmaq istəməyimi onlar bilməyiblər. Qapıdan çölə çıxan kimi Elşad və Dmirtiy qarşılıqlı olaraq biri-birini yumruqla vurdu. Dalaşma zamanı mən də yaxınlaşaraq əlimdə tutduğum bıçaqla Dmiritiy Şarovun bədəninə çoxsaylı zərbələr vurdum. Həmin vaxt ona neçə dəfə bıçaqla vurduğumu hazırda xatırlamıram. Dimitry Şarovun hərəkətlərinin qarşısını almaq məqsədi ilə ona çoxsaylı bıçaq zərbələri vurmuşam. Dmiritiy Şarovu bıçaqla vurduqdan sonra kənara çəkildim. Həmin vaxt əlimdən bıçaq yerə düşdü. Sonra mən yerdən bıçağı götürərkən Elşad əlimin qan olmasını, bıçağı görərək “Elvin sən nə etdin” soruşdu. Mən də Dimitry Şarovu vurduğumu dedim. Əvvəllər mən Dmitriy Şarovda odlu silah görmüşəm. Lakin hadisə vaxtı Dimirty Şarovun əlində odlu silah və ya bıçaq görməmişəm. Mən Dimitry Şarovu bıçaqla vurarkən bıçağı öz əlimi də kəsdim. Sonra həmin bıçağı hadisə yerinin yaxınlığında olan su arxına atdım. Hadisədən sonra kafenin qarşısında tanışım Svetlana adlı qadınla rastlaşdım. Svetlana əlimi sarıdı, sonra onun yaşadığı evə gedərək orada gecələdim. Səhəri gün avtobusla Belarusa getdim. Oradan təyyarə ilə Gürcüstana getdim. Daha sonra oradan Azərbaycana qayıtdım. Həmin vaxtdan sonra törətdiyim cinayətlə bağlı axtarışda olmamı bilməmişəm. 28 aprel 2023-cü ildə tutulmuşam. Hazırda törətdiyim əməlimdən peşmanam”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elvin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmə əsasən, iş üzrə zərərçəkmiş Dimitry Şarovun hüquqi varisi olan oğlunun mülki iddiası maddi ziyan hissəsində tam, mənəvi ziyan hissində qismən təmin edilib. Həmin mülki iddia zərərçəkmiş şəxsin hüquqi varisinə cəmi 5159 manat miqdarında maddi ziyan vurulması hissəsində 5159  manat məbləğində tam, 158000  manat miqdarında mənəvi ziyan vurulması hissəsində 5.000 manat məbləğində qismən təmin edilib.

Belə ki, cəmi 10159  manat məbləğində pul vəsaiti mülki cavabdeh olan Elvin Abbasovdan alınaraq mülki iddiaçı olan zərərçəkmiş şəxsin hüquqi varisinə verilməsi barədə qərar qəbul edilib. 

Fariz Məlikli
Demokrat.az
Избранный
18
26
demokrat.az

10Источники