RU

Ko Barret: "Dünyanın buzlaqları son 50 illik müşahidə dövründə ən böyük kütlə itkisini yaşayıb"

Ötən il qlobal müşahidələr tarixində, yəni otuz ildən artıq dövrdə, çaylar üçün ən quraq il kimi qeydə alınıb.

"Report" xəbər verir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının baş katibinin müavini Ko Barret COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə deyib.

“Planetin təxminən yarısı normal səviyyədən aşağı illik çay axını ilə üzləşib. Dünyanın buzlaqları son 50 illik müşahidə dövründə ən böyük kütlə itkisini yaşayıb ki, bu da milyardlarla insanın gələcək su təhlükəsizliyi üçün narahatedici siqnaldır. Biz həm dərinləşən quraqlıqlardan, həm də dağıdıcı daşqınlardan əziyyət çəkirik. Daha isti atmosfer daha çox rütubət saxlaya bilir, daha isti okeanlar isə intensiv yağıntıları artırır. İstiləşmənin hər əlavə payı ekstremal yağıntı riskini daha da yüksəldir. Su ilə əlaqəli fəlakətlər bir çox ölkələrdə insan və iqtisadi itkilərin əsas səbəbidir”, - deyə K.Barret vurğulayıb.

O qeyd edib ki, su ehtiyatlarının inteqrasiya olunmuş idarə edilməsi, iqlim davamlılığı və uyğunlaşma proseslərinin təməl daşıdır: “Su və iqlim sahəsində fəaliyyətlər bir medalın iki üzüdür. Su, istixana qazı emissiyalarının azaldılmasına töhfə verən mühüm amildir və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasında həyati rol oynayır. Su, bərpa olunan enerji mənbələrini dəstəkləyir, hidroenergetikanı hərəkətə gətirir və aşağı emissiyalı elektrik stansiyalarının soyudulması üçün zəruridir. Həmçinin su, hidrogen və batareya texnologiyaları üçün vacib mineralların istehsalında əsas rol oynayır. Bu, "yaşıl enerji" keçidini su tələb edən bir prosesə çevirir”.

K.Barret su resurslarının səmərəli idarə edilməsinin "yaşıl enerji"yə keçidin sürətləndirilməsi üçün kritik əhəmiyyət daşıdığını vurğulayaraq, qlobal səylərin bu istiqamətdə daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Избранный
53
far.az

1Источники