Milli Məclisdə İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif olunur.
“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı danışıb.
Onun sözlərinə görə, növbəti il İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 76%-i özəl sektorun payına düşəcək.
Deputat Fondun xərclərində də işsizlikdən sığortaya görə ödənilən vəsaitlərin həcminin də 17 milyon manat proqnozlaşdırıldığını söyləyib:
"Bu da İşsizlikdən Sığorta Fondunun xərclərinin 6,5 %-i deməkdir. Qalan 93,5 % digər istiqamətlərə yönəldiləcək".
"Yəni Fondun adında “işsizlikdən sığorta” sözü olsa belə, Fondun xərclərindən işsizlikdən sığortaya ayrılan vəsait ümumi xərclərin cəmi 6,5 %-idir. Ona görə də Fondun adının dəyişdirilməsini təklif edirəm. Sahil Babayev də bildirmişdi ki, növbəti il 77 milyon manat özünüməşğulluq proqramına yönəldiləcək. Əgər İşsizlikdən Sığorta Fondunun vəsaitlərindən özünüməşğulluğa yönəldilirsə, ya Fondun adına yenidən baxılmalı, ya da bütövlükdə meyarlar dəyişdirilməlidir”, - V.Bayramov vurğulayıb.