RU

Özü Bakıda olmayıb, ürəyi burda olanlar... - Putin, Pezeşkian və Hersoq gəlməməklə düzmü etdilər?

COP29 təkcə ekoloji tədbir deyil, həm də müxtəlif siyasi qütblərin, siyasi liderlərin baxışlarını gözlər önünə sərən hadisədir. Necə ki Azərbaycan 44 günlük müharibədə kimin ondan yana, kimin onun qarşısında - düşmən tərəfdə dayandığını gördü, eləcə də bu konfransa gələn və gəlməyənlərin də davranışı ilə bir siyasi nəticə çıxardı. Amma BMT-nin İqlim dəyişikliyi konfransına gəlməyən siyasi liderlərin heç də hamısı xudbinliyindən, yaxud Azərbaycana pislik etmək istəyindən bu addımı atmadı. Tam tərsinə, özü burada olmayıb, ürəyi burada olan siyasi liderlər də var idi ki, onlar Bakının yerləşdiyi siyasi coğrafiyanın mahiyyətini yaxşı qiymətləndirə bildilər.

Misal üçün Rusiya prezidentinin COP29-da niyə iştirak etməməsi haqda suallar hələ də verilir. Hərgah, baş nazir Mixail Mişustin səviyyəsində Rusiya dövləti təmsil olunmuşdu. Lakin Kreml liderinin özünə gəlincə, onun səfər etməməsi başadüşülən idi. Əvvəla, Rusiya prezidenti Putin bu günlərdə Rio - da Janeyroda keçirilən G20 ölkələrinin konfrasında da iştirak etmədi. İkincisi, onun COP29-a gəlməməsi Azərbaycanı nəzərə almasından, bu tədbirin pozulmaması qayğıslndan irəli gəlirdi. Putin bu ilin avqustunda onsuz da Bakıya gəlmiş və ən yüksək səviyyədə qarşılanmışdı. Ancaq COP29-da iştirakı və çıxışı zamanı onun Qərb liderləri tərəfindən boykot edilməsi ehtimalı var idi ki, Kreml lideri belə bir vəziyyətlə qarşılaşmaq istəməzdi. Özəlliklə, Azərbaycanı çətinə salmağı arzulamazdı. Məlumdur ki, Azərbaycan və Rusiya müttəfiqdir. İki ölkə arasında çoxşaxəli münasibətlər var. Hazırda Cənubi Qafqazda Rusiyaya ən yaxın və etibarlı tərəfdaş məhz Azərbaycandır. Böyük ehtimalla bu təşəbbüs elə Putinin özündən gəlib. Bütün hallarda Putinin Bakıya gəlməməsi doğru qərardır. Aydın məsələdir ki, gəlmək qərarı versəydi, bunun fəsadları olardı. Yəni başqa sözlə desək, Kreml sahibi Bakıda tədbirin işinə zərər vurmaq istəməyib. Üstəlik, son zamanlar xüsusilə ABŞ və Qərbdən Bakıya qarşı ciddi təzyiqlərin edildiyi hiss olunur.

Analoji vəziyyət İranın azərbaycanlı prezidenti Məsud Pezeşkianla bağlı yaşandı. Son günə qədər onun Bakıya gələcəyi gözlənilirdi, hətta İranın Bakıdakı səfirliyi də məlumatı təsdiq etmişdi. Lakin qəfildən qərar dəyişdi və cənub qonşu bu tədbirdə vitse-prezidenti Şina Ənsari ilə təmsil olundu. Sözsüz ki, Pezeşkian Azərbaycana xoş münasibət bəsləyən bir siyasətçidir və onun da ürəyi Bakıda idi. Buna qədər də Azərbaycan prezidenti onu rəsmi səfərə dəvət etmiş, seçkidə qələbəsi münasibəti ilə təbrik ünvanlamışdı. Həmçinin, Pezeşkian da həmkarını İrana səfərə çağırmışdı. Eyni zamanda, baş nazirin müavini Şahin Mustafayev Pezeşkianla Tehranda görüşmüş, ikitərəfli əlaqələri müzakirə etmişdilər. Yəni İran prezidentinin konfransda iştirakı ilə bağlı Azərbaycan sarıdan hər hansı anlaşılmazlıq yox idi. Sadəcə, Yaxın Şərqdəki hadisələr, İran-İsrail düşmənçiliyi, yəhudi prezidentin Bakıya gəlmək ehtimalı Pezeşkianı bu addımı atmağa sövq elədi. O, istəmədi ki, İsrail prezidenti İsaq Hersoqla Bakıda üzbəüz gəlsin. Çünki müəyyən diplomatik gərginlik yarana bilərdi və Pezeşkian da bu risqi nəzərə alaraq Azərbaycan üçün tədbirdə neqativ elementin olmasını istəmədi. Yəni həm şimal, həm cənub qonşularımızın prezidentləri Azərbaycana olan hörmətindən irəli gələrək praqmatik addım atdılar.

Ancaq sual oluna bilər ki, axı İsrail prezidenti də gəlmədi?! Daha doğrusu, Türkiyə onun gəlişini əngəllədi və hava məkanını bağladı. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da təsdiqlədi ki, bəli, hava məkanını bağladıq, lakin İsrail prezidenti alternativ yoldan istifadə edə bilərdi. Bəs, qardaş dövlətin bu davranışı bizə zərərli oldumu? Əsla! Türkiyə dolayısı ilə Azərbaycana yaxşılıq etmiş oldu. Çünki Hersoqun Azərbaycana gəlişi bir neçə aspektdən xoş qarşılanmayacaqdı: birincisi, Qəzzadakı müsəlmanların qətliamı inanclı kəsimin böyük bir qəzəbinə səbəb olub, üstəlik, yəhudi baş nazir Netanyahu barəsində Haaqa məhkəməsinin qərarı var və belə bir vəziyyətdə əhalisinin böyük hissəsi müsəlman olan Azərbaycana prezident Hersoqun gəlişi heç də birmənalı qəbul edilməyəcəkdi. Bura xüsusən də İranın həm siyasi istibleşmentinin reaksiyasını, həm də müsəlman əhalinin münasibətini əlavə etmək lazımdır. Yəni Qəzzada, Livanda dinc müsəlmanları öldürən bir ölkənin rəhbərinin COP29-a gəlişi cənub qonşumuz tərəfindən bəyənilməyəcəkdi. Onsuz da “əsgimiz tüstülüdür” və Tehran, əsasən də SEPAH davamlı olaraq Azərbaycanı “sionist rejimini” onun sərhədlərinə yaxınlaşdırmaqda ittiham edir. Ona görə Hersoqun məhz belə məqamda gəlişi bizə lazım deyildi, xeyrindən daha çox zərəri vardı. Üstəlik, bu, qardaş Türkiyədə də qəzəblə qarşılanacaqdı.

Azərbaycanın İsraillə dost ölkə olduğu, 44 günlük müharibədə verdiyi dəstəyi hamıya bəllidir. Azərbaycanın Fələstin dövlətinin yaradılmasına dair BMT qətnamələrinə söykənən mövqeyi də sirr deyil. Bu baxımdan, Azərbaycan ədalətli, beynəlxlaq hüquqa söykənən siyasəti ilə fərqlənir, dostlarına hər zaman səmimidir. Beləliklə, həm Putin, həm Pezeşkian, həm Hersoqun gəlməməsində siyasi çalarları özündə əks etdirən bu qərarlar əslində, Azərbaycanın faydasına oldu....

Nəsimi Şərəfxanlı,
xüsusi olaraq Musavat.com üçün

Избранный
36
musavat.com

1Источники