RU

Ətraf mühitin dağıdılmasının qarşısını düzgün planlaşdırma ilə almaq mümkündür –Baş katib

“Mən çox kiçik, lakin gözəl bir ada olan Dominika Birliyi Dövlətində anadan olmuşam, bu bir çoxlarınızın bildiyi bir faktdır. Ancaq bəlkə də bilmədiyiniz odur ki, valideynlərimin söylədiyinə görə, adımı iki qasırğadan – Fişer və Canet qasırğalarından təsirlənərək seçiblər. Onlar mənə adımın “Qasırğa” olmasını belə izah edirdilər: mənim günəş işığına bənzədiyimi düşündükləri üçün bu adı vermişdilər. Amma biz bilirik ki, qasırğalar günəş işığına heç də bənzəmir. Mən bu gözəl adada doğuldum və gənc yaşda Birləşmiş Krallığa köçdüm. Buna baxmayaraq, o vaxtdan bəri kiçik ada dövlətləri ilə olan əlaqələrim həmişə çox güclü olub. Valideynlərimin Birləşmiş krallıqdakı evində Dominika ruhu həmişə qorunub.”

Bu fikirləri Millətlər Birliyi təşkilatının Baş katibi, baroness Patrisiya Skotland Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri” mövzusunda keçirilən panel sessiyada deyib.

Patrisiya Skotland bildirib ki, bu paneldə üç nəfərin kiçik ada dövlətlərindən gəldiyini görmək çox əhəmiyyətlidir: “Əvvəlcə Tuvalu nazirini dinlədik, onun vəziyyəti necə təsvir etdiyini eşitmək çox təsirləndirici idi. Sonra isə Seyşel adalarında doğulmuş Ancelika.Beləliklə, panelistlərimizin üçü kiçik ada dövlətlərindən gəlir. Bu panel mənim üçün niyə bu qədər əhəmiyyətlidir? 1979-cu ildə Dominikaya ən böyük qasırğa, David qasırğası zərbə endirdi və adanı tamamilə dağıtdı. Mən bunu çox dərin bir şəkildə hiss edirdim, çünki mənim atam, bina tikintisində və memarlıqda çox bacarıqlı olan bir insan, bizi – 12 uşağı Birləşmiş Krallıqda buraxıb vətənə qayıtdı ki, tamamilə viran olmuş Dominikanı bərpa etməkdə insanlara kömək etsin. O, özü ilə apara biləcəyi hər şeyi götürüb vətəninə yollandı. Biz isə 1979-cu ildə uşaq ikən təkliyin nə demək olduğunu yaşadıq.”

Millətlər Birliyi təşkilatının Baş katibi vurğulayıb ki, ətraf mühitin dağıdılmasının qarşısını düzgün planlaşdırma ilə almaq mümkündür: “20 yaşımda ali təhsilimi aldım, 21 yaşımda isə vəkil oldum. Həmin vaxtdan bəri iqlim ədaləti üzərində işləyirdim. 2016-cı ildə Baş Katib olanda artıq Birləşmiş Krallıq hökumətində 13 il nazir olaraq çalışmışdım və iqlim təhdidini həll etmək üçün ortaq millətlərin 1989-cu ildə əldə etdiyi razılaşmanı gerçəkləşdirmək üzərində işləmişdim. Baş Katib olduğum zaman bütün üzv dövlətlərlə danışdım və bu nəticəyə gəldim ki, iqlim dəyişikliyi mənim gündəlik işlərimdə ən yüksək prioritet olacaq. Vəkil kimi bacarıqlarımı istifadə edərək, sübutları araşdırmağa başladım. Sübutlar mənə göstərdi ki, 2015-ci ildəki mövqeyimiz reallığı əks etdirmirdi. Çünki iqlim dəyişiklikləri daha sürətlə pisləşirdi və daha çox iş görməli idik. 2016-cı ildən etibarən Birlik olaraq birlikdə işləyib “Nə etməliyik?” sualını verdik. Biz başa düşdük ki, yalnız iqlim dəyişikliyini yüngülləşdirmək və uyğunlaşmaq kifayət deyil, onu geri çevirməyə ehtiyacımız var. Buna “bərpaedici inkişaf” deyirik.İnsanlar əvvəlcə bizi dəli hesab edirdi, lakin haqlı olduğumuz sübut edildi. O vaxtdan etibarən Birlik olaraq tərəfdaşlıq qurmağa başladıq. “CommonEarth” təşəbbüsünü yaratdıq. 2018-ci ildə “Blue Charter” (Mavi Nizamnamə) və geokosmik məlumatların istifadə olunması üzərində işıədik. Daha sonra “Living Lands Charter” (Yaşayan Torpaqlar Nizamnaməsi) təşəbbüsü ilə BMT-nin üç konvensiyası ilə işləməyə başladıq. Bu gün “AzərKosmos”un burda olması məni çox sevindirir, çünki biz artıq kosmosa doğru irəliləyirik. Geokosmik dəyişiklikləri başa düşmək və nəsə etmək üçün kosmosu da daxil edirik.”

Orxan Vahidoğlu, “İki sahil”

Избранный
23
ikisahil.az

1Источники