“Dənizaşırı ərazilərdə yaşayan xalqlar, koloniya təsiri altında olan dövlətlər Azərbaycanı özlərinin himayəçisi hesab edirlər. Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri kimi hüquqlarının hərtərəfli qorunmasında, Fransa və digər koloniya saxlayan dövlətlərin açıqlama verməsi və bu siyasətdən əl çəkməsinin lazım olduğunu bildirən fikirləri Azərbaycanı onların gözündə himayəçi dövlətə çevirib”.
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib:
“Həmin xalqların nümayəndələrinin COP29 çərçivəsində mavi zonada etiraz aksiyaları keçirməsi dünyanın diqqətini özünə cəlb edib. Onlar öz səslərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi güdürlər. Müstəmləkə ərazilərində zərərli fəaliyyətlərin dayandırılmasını, əhaliyə konpensasiya verilməsini tələb etdilər.
Onlar, “Ətraf mühitə ziyan bərpa edilsin”, “Yerli xalqların səsini eşidin”, “Dənizaşırı ərazilərdə nüvə sınaqlarının təsiri insanları öldürür” kimi şüarlarla çıxış ediblər.
Aksiya iştirakçıları müstəmləkəçiliyin eybəcər hal almasını, bu məsələnin beynəlxalq birliyin nəzərində olmasını və müvafiq addımlar atılmasının vacibliyini vurğulayıblar”.
O bildirib ki, Bakıdakı COP29-un bir platforma kimi seçilməsi də təsadüfi deyil:
“Prezidentimiz Qoşulmama Hərəkatına üç illik sədrliyi dövründə adaların hüquqlarını qoruyan bir nömrəli şəxsə çevrilib.
Fransa və Niderlandın özündən kilometrlərlə uzaqda olan yerlərdə koloniya saxlamasının qarşısının alınması, müstəqillik haqlarının bərpa edilməsi məsələsi bu gün gündəmdə olan əsas məsələlərdəndir.
COP29 tədbirində Afrika xalqlarının Fransa və Niderlandın siyasətinə qarşı aksiyaları normal qəbul edilməlidir. Fransanın COP29-a qarşı başlatdığı genişmiqyaslı kampaniya əvvəlcədən iflasa uğrayıb.
Tədbirin yüksək səviyyədə təşkil olması Azərbaycanın növbəti dəfə gücünü göstərdi. Ölkəmizin qlobal mənada nüfuzunun artmasına gətirib çıxardı”.