RU

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

Aparılan müşahidələr zamanı Bakı şəhərinin Yasamal və Suraxanı rayonları ərazisində yerləşən bəzi ticarət və iaşə obyektlərində nağd pul hesablaşmaları qaydalarının pozulması, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib. Belə ki, sahibkarlar tərəfindən istehlakçılara POS-terminal təqdim etmədən kartdan-karta köçürmələrin təklif edildiyi, həmçinin POS-terminalların qeydiyyatda olduğu ünvan üzrə istifadə edilmədiyi aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

Избранный
6
1
vergiler.az

10Источники