RU

Fransanın bəzi dövlətləri COP-dan çəkindirməsi rəsmi bəyan olundu...

Image

Ceyhun Məmmədov: “Fransanın buna hansısa əsaslı cavab verəcəyini düşünmürəm”

Fransanın son illər Azərbaycana qarşı tutduğu qərəzli mövqe, yürütdüyü düşmən siyasət özünü bütün istiqamətlərdə büruzə verir. Xüsusən də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransa özünün qərəzli mövqeyini daha çox ortaya qoyub. Əlbəttə, bu da Azərbaycan dövlətinin ciddi narazılığına səbəb olub.

Bu ölkənin ölkəmizə qarşı apardığı qərəzli siyasətə görə noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycanın sədrliyini hədəfə almasına etiraz bildirilib. “Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb", - məlumatda qeyd olunub.

Bildirilir ki, bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırılıb.

"Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub", - məlumatda deyilir.

Fransanın bir sıra dövlət başçılarını COP-dan çəkindirməsi Azərbaycan XİN tərəfindən rəsmi təsdiqləndi. Konkret fakta Fransanın cavabı nə olacaq?

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın COP-a ev sahibliyi etməsi ilə bağlı məlumatlar yayıldığı gündən Fransanın Azərbaycana qarşı qərəz, qarayaxma kampaniyasının başladığını gördük. 

C.Məmmədov qeyd etdi ki, bu dövlət COP-un Azərbaycanda keçirilməsinin qarşısını almaq istiqamətində çalışdı, bu istiqamətdə addımlarını atdı, hətta başqa dövlətlərin mövqeyinə də təsir etdi. C.Məmmədov hesab edir ki, Fransanın COP-la bağlı apardığı ziyanlı kampaniya iflasa uğradı və heç bir nəticəsi olmadı, tədbir çox böyük uğurla davam etdi. Millət vəkilinin sözlərinə görə, artıq Azərbaycan Fransanın COP əleyhinə apardığı kampaniyalar, ora qoşduğu dövlətlər haqda faktlara malikdir, elə bu səbəbdən də Fransanın səfiri XİN-ə çağırıldı.  “O mənada Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrıldı və konkret faktlar onun diqqətinə çatdırıldı. Azərbaycan bir daha Fransaya öz iradını bildirdi. Fransanın buna hansısa əsaslı cavab verəcəyini düşünmürəm. Çünki Fransa özü də bilir ki, hansı əməllərlə məşğuldur və bugünə kimi hansı işlər görüb, nələr edib. Ona görə də ondan başqa cavab gözləməyi ehtimal etmirəm ki, hansısa formada yalandan atdığı addımları əsaslandırmağa çalışacaq. Yəni hər şey göz qabağındadır. Azərbaycan bunu etməli, Fransaya qarşı öz mövqeyini bildirməli, müəyyən addımları atmalı idi və bu addımları da atdı. Fransa bilməlidir ki, bu cəhdlərlə heç nəyə nail ola bilməyəcək”. 

C.Məmmədov qeyd etdi ki, Fransa Ermənistanı silahlandırmağa, vəziyyəti gərginləşdirməyə, Azəbaycana qarşı qərəzi, qarayaxmanı və təxribatı davam etdirməyə son qoymalıdır. “Çünki qeyd edildiyi kimi, onun bu addımlarının heç bir perspektivi yoxdur. Bu yalnız bizim bölgəmiz deyil, Fransanın özü üçün də yaxşı heç nə vəd etmir. Fransa bu istiqamətdə düzgün və sağlam addımlar atmalı, cəhdlər etməlidir” - deyə C.Məmmədov vurğuladı. 

İradə SARIYEVA





Избранный
29
baki-xeber.com

1Источники