RU

Okan Buruk: “Mauro İkardi Vanda Naraya görə çox şey itirib”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk hesab edir ki, Mauro İkardi həyat yoldaşı ilə yaşadığı fəsadlara görə Argentina yığmasında oynamır.

Arena.az AS dərgisinə istinadən, türk mütəxəssisin bu barədə fikrini təqdim edir:

“İkardinin həyat yoldaşı ilə yaşadığı fəsadlar olmasaydı, indi hər şey fərqli olardı. Ola bilsin ki, o, Argentina yığmasının hücumçusu olardı. Bəlkə də bu səbəbdən həyatda çox şey itirib. Mauro çox ailəcanlı adamdır. O, ailəsini, uşaqlarını sevir. O, mehriban ürəyin sahibidir və yaxınlarına dərindən qayğı göstərir. O, həmişə ailəsini qorumaq istəyirdi, biz də həmişə ona kömək etməyə çalışmışıq. Ailə həyatda ən vacib məqamdır.

Futbol heç vaxt ailədən daha vacib ola bilməz, heç bir oyun bunu dəyişməyəcək. Futbolçu xoşbəxt deyilsə, meydanda öz səviyyəsini göstərə bilməyəcək. Mən həmişə ona dəstək olmağa çalışmışam.
Görək, onun əvvəlki səviyyəsinə mümkün qədər tez qayıtması üçün əlimizdən gələni edə biləcəyikmi…”, deyə Okan Buruk ümidlə bildirib.

Mauro İkardi – Vanda Nara nağılında yeni səhifə

Xatırladaq ki, Mauro İkardinin keçmiş həyat yoldaşı, argentinalı model Vanda Nara futbolçu ilə münasibətlərinə xitam verib. Mauro ailəsini qorumağa çalışsa da, Vanda Mauronu məişət zorakılığında ittiham edib. Bir vaxtlar aralarından su keçməyən cütlüyün münasibəti hazırda yox olmaq üzrədir.

Mauro İkardi bir müddət icarə əsasında çıxış etdiyi “Qalatasaray”a 2023-cü ilin iyulunda 10 milyon avro məbləğ müqabilində PSJ-dən tamhüquqlu əsasda keçidlə qoşulub. Argentinalı hücumçunun “Cimbom”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə İkardi “Qalatasaray”ın heyətində 14 oyuna 6 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.

İkardinin “Qalatasaray”ın heyətində çıxışının ümumi mənzərədi 87 oyun, 61 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

İkardi “Qalatasaray”la 2022/2023-cü və 2023/2024-cü illər mövsümlərində Türkiyə Super Liqasının qalibi olub, eləcə də 2023/2024-cü illər mövsümü Türkiyə Super Kubokunu qazanıb. Həmçinin İkardi 2023-cü ildə Türkiyədə ilin futbolçusu seçilib, 2023/2024-cü illər mövsümündə isə 25 qolla Türkiyə Super Liqasının ən sərrast qolçusu olub.

Argentinalı hücumçu “Qalatasaray”a qədər PSJ, “İnter” və “Sampdoriya”da çıxış edib.

Mauro İkardi 2013-cü ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heyətində 8 oyun keçirib, 1 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı argentinalı mərkəz hücumçusu Mario İkardinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Избранный
14
arena.az

1Источники