RU

Dünyaya örnək olacaq Agdamın Şəhər Günü ŞƏRH

27 il sonra Ağdam işğaldan azad olundu və Azərbaycan öz haqqına qovuşdu. Bu gün Ağdam yeni günün yaşayır və işğaldan azad olunan Ağdam Prezident İlham Əliyevin ötən ilin iyulun 31-də imzaladığı Sərəncama əsasən, 20 noyabr tarixində Ağdam Şəhəri Gününü qeyd edir. Bu gün Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi ilə bağlı təsis olunub. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olundu. Ağdam rayonunun işğaldan azad olunması 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsində baş tutdu və Ağdam Azərbaycana qaytarıldı. Tarixə nəzər salsaq görərik ki, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən, kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Bu mənada "Ağdam" günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Qədim insanların yaşayış məskənlərindən biri olan Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə ən böyük rayon olan Ağdamda 143 min insan yaşayırdı. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.

27 il işğalda olun Ağdam viran qalmış bir məkana çevilmişdi. "Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür" - deyə Prezident İlham Əliyev bildirmişdir. Erməni vandalları tərəfindən dağıdılan Ağdamın "Qafqazın Xirosiması" adlandırılması da təsadüfü deyildi. Ermənistanın törətdiyi müharibə cinayətləri bütün dünyaya bəllidir. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri - qanuni əməllər törədib. "Baxın, görün, Ağdam şəhəri yoxdur, yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da Mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər", - deyə Prezident bildirib.

Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımza məxsus dini-mədəniyyət abidələrini, yaşayış evlərini, infrastrukturu dağıtmış olsalar da, tarixi həqiqət qələbə çaldı. Bu gün işğaldan azad olunan digər ərazilər kimi Ağdamda da böyük abadlıq-quruculuq işləri aparılır. Azərbaycan Prezidentinin bildirdiyi kimi, "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır."

Bu ərazilərdə böyük bir xalqın izi, imzası vardır. Bu gün artıq Ağdam şəhəri üçün çox önəmli abadlıq-quruculuq işləri aparılır. Görülən işlər və reallaşacaq tədbirlər onu deməyə əsas verir ki, qısa bir zamanda Ağdam müasir bir şəhərə çevriləcək və Ağdam sakinləri firavan və rahat bir həyatla təmin olunacaqlar. 2021-ci il 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş Planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında, ümumilikdə 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfərləri və burada yeni müəssisələrin təməllərinin qoyulması burada abadlıq-quruculuq işlərinin sürətlə və ardıcıl şəkildə aparılmasını təsdiqləyir.

Görülən bu və ya digər işlər, hazırlanmış layihələr, şəhərlərin baş planı əsasında sistemli olaraq reallaşır. Hər qarışında tariximizin izi olan bu ərazilərdə böyük bir xalqın izi, imzası vardır. 30 ilə yaxın işğal altında olan ərazilərimizdə sürətlə aparılan abadlıq və quruculuq işləri burada yeni müasir məkanlarımız olacağından xəbər verir. Əlbəttə ki, bu ərazilərdən erməni vandallarının izlərini silib atsaq da tariximizdə, yaddaşımızda onların törətdikləri çirkin əməlləri silinməyəcək.

Baş Plana uyğun olaraq, əhalinin rahat və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.

Ağdamda Güllücə, Nəmirli, Şotlanlı, Eyvazxanbəyli, Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərinin Prezident tərəfindən təməli qoyulub. Təkcə Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun, Ağdam Sənaye Parkında Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun, Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışlarını edib. Ağdamda İmarət Kompleksinin bərpadan sonra açılışı olub.

Ağdamda reallaşan layihələr Baş Plana uyğun olaraq həyata keçirilir. Ağdamda aparılan abadlıq-quruculuq işləri çərçivəsində şəhərin daxili yollarında aparılan işləri də qeyd etməliyik. Ağdam şəhərinin Baş Planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub.

Magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.

Xatırladaq ki, ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolu istifadəyə verilib.

Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpası, yenidənqurma işlərinin uğurla və keyfiyyətli bir şəkildə reallaşması tezliklə əzəli sakinlərin doğma torpaqlarımıza qayıdacağından xəbər verir.

Güləddin DADAŞOV,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Избранный
2
sesqazeti.az

1Источники