RU

Ekspert: Təlimlər heç bir ölkəyə qarşı yönəlməyib və təhlükəsizlik məqsədi daşıyır

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələrinin sualtı hücum və sualtı müdafiə bölmələri ilə Türkiyədə "SAT-SAS-2024" birgə təlimi keçirilir. Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib. Məlumata görə, təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər. Qeyd edək ki, birgə təlim noyabrın 29-dək davam edəcək.


Hərbi ekspert Elxan Şıxəliyev “Sherg.az”a bildirib ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri mütəmadi olaraq keçirilir:

“Adətən sualtı hücum və sualtı müdafiə bölmələrinin təlimləri dənizdə, gəmilərlə mümkün ola biləcək təhlükələrin qarşısını almağa hesablanıb. Şuşa Bəyannaməsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə keçidi üzərindən digər strukturlarda da belə təlimlərin şahidi olacağıq. Sözügedən təlimlər Azərbaycan və Türkiyənin birlikdə təhlükəsizlik məsələlərin qorunması anlamına gəlir. Şuşa Bəyannaməsində qeyd olunduğu kimi Azərbaycanın təhlükəsizliyi Türkiyənin, Türkiyənin təhlükəsizliyi isə Azərbaycanın təhlükəsizliyi sayılır. Ona görə də təlimlərin artan templə getməsini gözləməliyik”.

Ekspert vurğulayıb ki, bütün zamanlarda iki ölkə arasında birgə təlimləri Azərbaycan və Türkiyə ərazisində izləyəcəyik:
“Bu təlimlər heç bir ölkəyə qarşı yönəlməyib və yalnız təhlükəsizlik məqsədi daşıyır. Hesab edirəm ki, sözügedən təlimlər müəyyən tərəflərdə qısqanclıqla qarşılana bilər. Ümumiyyətlə təlimlər nəticəsində hər iki ölkənin Silahlı Qüvvələri yüksək döyüş hazırlığı səviyyəsinə qalxırlar ki, bu da mümkün olacaq təhdidlərdə adekvat cavab verməyə böyük dəstək göstərir. Həm Türkiyə, həm də Azərbaycanın ərazisində baş tutan Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimləri bölmələrin döyüş qabiliyyətini irəli götürür. Yəni Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin nümayəndələri öz təcrübələrini biri-biriləriylə bölüşürlər. Əvvələr belə təlimlərdə təkcə Azərbaycan Türkiyə Silahlı Qüvvələrinin təcrübəsini öyrənirdi. Amma Vətən müharibəsindən sonra bizim qurumlar, xüsusilə də SAT və SAS savaşdan keçdiyinə görə Azərbaycan Silahlı Qüvvələri də öz təcrübəsini Türkiyəyə ötürür”.
Избранный
32
sherg.az

1Источники